Sabah Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı Beynəlxalq “Ətraf mühit” sərgisi öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu gün sərginin açılışı münasibəti ilə keçirilən tədbirdə çıxış edən Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev ətraf mühit sərgisinin ölkədə 2010-ci ildən başlayaraq keçirildiyini deyib.
Sərginin əhəmiyyətini vurğulayan F.Əliyev son illər ərzində Azərbaycanda ətraf mühitin qorunması üçün dövlət səviyyəsində görülən tədbirlər barədə məlumat verib.
Sərginin təşkilatçısı olan CEO (Caspian Event Organisers) şirkətinin icraçı direktoru Edvard Strun deyib ki, 18-20 noyabrda keçiriləcək sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “CTE” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
“СТЕ 2015” sərgisi Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən olan şirkətləri bir araya toplayacaq. Ətraf mühit sərgisində ardıcıl olaraq ikinci il iştirak edən Çexiya milli stendi isə 7 şirkəti təqdim edəcək. Sərgidə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi, “Təmiz Şəhər” ASC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi dövlət strukturları, eləcə də ilk dəfə olaraq, Azərbaycan Təhsil Nazirliyi iştirak edir.
Bu il keçiriləcək sərginin debütantları arasında İsveçrə, Çexiya və Rusiya şirkətləri yer alır. Rusiya Federasiyasının Tümen vilayətinin ticarət-sənaye palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunacaq. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üzrə avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.
Ümumilikdə, əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, “СТЕ 2015” sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq. Bundan başqa, SOCAR və “BP” kimi neft şirkətləri suyun / torpağın təmizlənməsi və zəhərli tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim edəcəklər. Həmçinin, bu il sərgi çərçivəsində “Yaşıllaşdırma, Landşaft dizaynı və Bağ texnikası” adlı yeni sektor təqdim olunacaq.