Yaponiya, Sinqapur və Avstraliyada yaşayan soydaşlarımız qədim tarixə malik Novruz bayramını böyük coşqu ilə qeyd ediblər.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Yaponiyanın Tanabe və Osaka şəhərlərində təşkil edilən bayram tədbirlərinə həmin ölkədə yaşayan soydaşlarımız, türklər, yaponlar qatılıb.
Vakayama prefekturası Tanabe şəhərinin Təhsil Komitəsinin “Life long learning” şöbəsinin nəzdindəki Beynəlxalq Əlaqələr Mərkəzində (International Exchange Center) baş tutan “Azərbaycanın Bahar Festivalı – Novruz” adlı tədbirdə adət-ənənələrimizin nümayiş olunduğu guşə yaradılıb, həmçinin Novruz bayramının rəmzi olan səməni, müxtəlif şirniyyat və mətbəx nümunələri təqdim olunub. Yaponiyada yaşayan diaspor fəalı, tədbirin təşkilatçısı, milli geyimdə olan soydaşımız Minarə Şükürlü ustad dərsləri təşkil edib. Ustad dərslərində yerli qonaqlara Novruzun dadlı təamları və milli yeməklərimizin bişirilmə qaydası nümayiş olunub. Soydaşımız tədbir iştirakçılarına Novruz bayramı, milli geyimlərimiz, rəqslərimiz, kəlağayı, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, eyni zamanda Azərbaycan çayı barədə ətraflı məlumat verib.
Yaponiyanın Osaka şəhərində soydaşlarımız Minarə Şükürlü və Emil Məmmədovun təşəbbüsü ilə keçirilən Novruz bayramı tədbirində yapon rəqqasələr Ayako Date və Akina Doinin ifasında Azərbaycan rəqsləri təqdim edilib. Soydaşımız Gülnar Məmmədovanın hazırladığı milli yeməklər, şirniyyatlar, Novruz atributları ilə bəzədilmiş guşə, azərbaycanlı uşaqların vətənpərvərlik mövzusunda və Novruza aid səsləndirdikləri şeirlər qonaqların marağına səbəb olub.
Sinqapurda yaşayan soydaşlarımız da bir araya gələrək, ilk dəfə Novruz bayramını qeyd ediblər. Tədbir Cənub-Şərqi Asiya Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sinqapur üzrə koordinatoru Nəcməddin Nəcəfovun təşəbbüsü ilə baş tutub. Tədbirdə Novruz bayramının adətlərinə uyğun olaraq yumurta boyanıb, şəkərbura və paxlava hazırlanıb. Bu gözəl bayramın və əvəzsiz ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.
Avstraliyanın Brisben şəhərində türk xalqlarının Novruz bayramına həsr olunmuş “Azərbaycanlılar və Türkdilli Xalqların Əməkdaşlıq Tədbiri” adlı tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstraliya Azərbaycan Assosiasiyaları Alyansına daxil olan Kvinslenddə Azərbaycanın Milli Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirə türk dövlətlərinin diasporlarını bir araya gətirmək, zəngin mədəni irsini, ortaq dəyərlərini və dostluq əlaqələrini nümayiş etdirmək məqsədilə Azərbaycan, türk, özbək, qazax, qırğız və tatar icmaları dəvət olunub.
Şənlik çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstanın milli geyimlərindən, sənətkarlıq nümunələrindən ibarət guşələr nümayiş olunub. Tədbirdə türk ölkələrindən olan musiqiçilərin ifaları, eləcə də maraqlı rəqs nümunələri nümayiş olunub. Qeyd edək ki, Cənub yarımkürəsində ilk dəfə Brisben şəhərində ardıcıl iki ildir uğurla təşkil edilən bu layihənin məqsədi türkdilli icmaların mədəniyyətini geniş auditoriyaya tanıtmaq, gələcək illərdə daha genişmiqyaslı tədbirlər üçün əsas yaratmaq, Avstraliyada yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əməkdaşlığı gücləndirməkdir.
Avstraliyada digər bir Novruz bayramı tədbiri Sidney şəhərində yaşayan Azərbaycan diaspor fəallarının təşkilatçılığı ilə qeyd olunub. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Tədbir çərçivəsində Novruza aid ənənələr və milli rəqslərimiz nümayiş olunub. Eyni zamanda Azərbaycan musiqisinə aid sual-cavab və yarışmalar keçirilib, qaliblər mükafatlandırılıb.









