Şeyx Samit adı ilə tanınan, Abdulla Şaiq, Hüseyn Caviddən dərs alıb, Cəlil Məmmədquluzadə ilə işləyən, 50-dən çox hekayə, "Vəfasız", "Son faciə", "Arzular" povestləri, "Nina", "Böyük günlər" romanları və "Hicran", "Ulduz" musiqili komediyalarının müəllifi Sabit Rəhmanın doğum günüdür. 1938-ci ildə "Toy" komediyasını yazaraq müasir Azərbaycan komediyasının inkişafına ciddi töhfə verib. Sabit Rəhman kinossenarist kimi də fəaliyyət göstərib. O, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, "Ulduz" musiqili komediyasının ssenarilərini, hətta "Yeddi gözəl" baletinin librettosunu yazıb.
Modern.az xəbər verir ki, bu gün Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasının 115 ili tamam olur.
Yazıçı, ssenarist Sabit Rəhman Azərbaycan ədəbiyyatının böyük bir dövrünün formalaşması və təşəkkülündə özünəməxsus rolu olan sənətkarlardandır. Qırx illik yaradıcılıq yolunda o, onlarla hekayə, felyeton, şeir, komediya, povest, roman, kinossenari, musiqili komediya, libretto və s. janrlarda yazıb-yaratmışdır. S.Rəhman həm də satirik, lirik, lirik-satirik komediyaları ilə Azərbaycan komedioqrafiyasına zənginlik gətirməklə yanaşı, dramaturgiyada satiranın, gülüşün təzahürünü, çalarlarını zənginləşdirmişdir.
Sabit Rəhman Şəki şəhərində 1910-cu ildə anadan olub, ilk təhsilini burada aldıqdan sonra Bakıda Abdulla Şaiq adına nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb, burada ona H.Cavid, A.Şaiq və S.Hüseyn kimi sənətkarlar dərs deyib. Qantəmirin müdiri olduğu məktəbi bitirdikdən sonra yenidən Şəkiyə qayıdaraq vaxtilə oxuduğu zəhmət məktəbinə müəllim təyin olunur. Bir müddət sonra isə ali təhsil dalınca Bakıya gəlir və 1929-1932-ci illərdə Bakı Ali Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsilini davam etdirir.
Bu illərdən başlayaraq "Molla Nəsrəddin", "Kommunist", "Gənc işçi", "Yeni yol", "Dağıstan füqərası", "Nuxa fəhləsi" qəzet və jurnal səhifələrində müxtəlif səpkili - məqalə, şeir, felyeton və s. yazılarla çıxış edir. "Şirin bülbül" (1932) və "Pozğun" (1932) kitablarının nəşri ədəbi mühitdə maraqla qarşılanır. Bundan ruhlanan S.Rəhman "Vəfasız" povestini yazır. Əsər Azərbaycandakı mühit kəskin tənqid olunur və onun müəllifi Bakını tərk etməyə məcbur olur. O, yenidən Nuxaya qayıdaraq MTS-in siyasi şöbəsində işləyərək Azərbaycan kəndini və həyatını öyrənir və yalnız Azərbaycan sovet yazıçılarının I qurultayında iştirak etməsi barədə teleqram aldıqdan sonra Bakıya qayıdır. Bir müddət teatrda bədii hissə müdiri işləməsi onu bu mühitə yaxınlaşdırır. İki il Moskvada ssenari kursunda təhsil alması isə onu kino sənətinə gətirən amillərdən olur. "Toy" və "Xoşbəxtlər" komediyasının uğurlu taleyi tezliklə onu adının A.Korneyçuk, B.Romaşov, İ.İlf, V.Petrov, M.Zoşşenko kimi dövrün satirikləri ilə yanaşı çəkilməsinə səbəb olur. "Aşnalar" (1945), "Aydınlıq" (1949), "Nişanlı qız" (1953), "Əliqulu evlənir" (1961), "Yalan" (1965), "Dirilər" (1970) və s. əsərləri ilə Azərbaycan komediya poetikasına zənginlik gətirmişdir.
Azərbaycan incəsənətində ilk kinokomediya "Arşın mal alan" (1941), ilk musiqili kinokomediya "Əhməd haradadır" (1964) janrlarının yaranması da S.Rəhmanın adı ilə bağlıdır. "O olmasın, bu olsun", "Ulduz", "Koroğlu" filmləri də kino tariximizin əhəmiyyətli səhifələrini təşkil edir. S.Rəhman yaradıcılıq yolunda "Ulduz", "Hicran" musiqili komediyalarını da yazmağa müvəffəq olmuş, janrın inkişafı üçün geniş yol açmışdır.
Onun ədəbi-bədii irsi içərisində əllidən çox hekayə, "Son faciə", "Arzular" povestləri, "Nina" (1947), "Böyük günlər" (1952) romanları, bir neçə pyes, onlarla məqalə, tərcümə, libretto və oçerklər təşkil edir. O, bədii yaradıcılığında satiranı, yumoru yeni inkişaf mərhələsinə çatdırmaqla yanaşı, yeri gəldikcə gülüşün nəzəri-estetik problemləri ilə də məşğul olmuşdur. S.Rəhman bədii irsi sənət yoldaşları, tənqidçi və ədəbiyyatşünaslar - S.Vurğun, M.Hüseyn, R.Rza, M.Məmmədov, M.Arif, Y.Qarayev, A.Səfiyev və b. tərəfindən daim yüksək qiymətləndirilmişdir. A.Qlebov onun "Toy" əsərini tərcümə etdikdən sonra belə bir qənaətə gəlmişdi: "O, Sovet İttifaqının ən yaxşı komediyanəvisləri ilə bir sırada duran dramaturqdur. S.Rəhmanın komediyalarında gənc Şekspir komediyalarını xatırladan ruh, coşqun nikbinlik var".
S.Rəhman yaradıcılığa 20-ci illərin ortalarından başlayır: paralel olaraq əvvəlcə qələmini felyeton, sonra isə poeziyada sınayır. Tənqid, ifşa və kəskin gülüş onun yeni yaradıcılığa başladığı zamanlarda felyeton yaradıcılığında qabarıq ifadə olunur. Daha doğrusu, sonralar nəsr və dramaturgiya yaradıcılığının əsas keyfiyyətinə çevrilən lətifəvari süjetlər, yumoristik analiz əvvəlcə felyetonlarında hazırlanır və formalaşır. Bir satirik kimi Sabit Rəhmanın yaradıcılığa felyetonla başlamasının, özü də məhz "Molla Nəsrəddin"də başlamasının simvolik mənası da çoxdur. Müəllif özü "Molla Nəsrəddin"də iştirakı barədə yazırdı: "Bundan(1926-cı ildə C.Məmmədquluzadə ilə görüşü nəzərdə tutulur) bir il sonra "Molla Nəsrəddin" jurnalında iştirak etməyə başladım. Əsasən, "Şeyx Samit" imzasıyla yazırdım, göndərdiyim felyetonlar (irili-xırdalı) bir kəlməsi dəyişilmədən çap olunurdu".
S.Rəhmanın yaradıcılığa məhz felyetonla, yəni sırf satirik janrla başlamasının əhəmiyyəti onun sonrakı yaradıcılıq yolunda daha aydın görünür. 1927-ci ildə "Molla Nəsrəddin" jurnalında onun "Şeyx Samit" imzası ilə üç felyetonu - "Ordan-burdan", "Yetərə açıq məktub", "Mərdəkandan" çap olunur. "Ordan-burdan" ("Molla Nəsrəddin", 1927 N3) felyetonunun bədii metarialını bir neçə həyat faktı təşkil edir.
"M.Sabit", "Şeyx Samit", "S.Mahmudzadə" və s. imzalarla ilk yazılarını dərc etdirən S.Rəhman tezliklə hekayə janrına müraciət edir. Əslində felyeton janrı onun satirik hekayəçi kimi tanınmasında bir baza, özül rolunu oynayır. Sabit Rəhman nasir kimi 1930-cu illərin əvvəllərindən tanınmağa başlayır və bir-birinin ardınca "Pozğun" (1931), "Dizi yamaqlı" (1932), "Qudurğan" (1932), "Bayram hekayəsi" (1931), "Afəti-can" (1932), "Şirin bülbül" (1931), "Şlyapa" (1933), "Böyük millət məhkəməsi" (1933) və s. hekayələrini yazır.
Sabit Rəhman gülüşü qırx illik bir dövrdə müxtəlif janrlarda və formalarda zəngin satirik-komik ifadə vasitələri ilə çıxış edir. Onun satirası keçmiş satiranın tarixi təcrübəsindən bəhrələnməklə yeni ideyalara, yeni formaya, müstəqilliyə (suverenliyə), novatorluğa malikdir.
S.Rəhman əsərlərində ictimai həyat hadisələrinin özünəməxsus tərəfləri, yeni həyati konfliktlər, fərdi psixologiyalar qabarıq təsvir olunur. Onun gülüşü dövrün, şəraitin xüsusiyyətlərini daşımaqla yanaşı, insanı bioloji varlıq olaraq da güldürməyə vadar edir. Bu cəhətdən o, həyatı əksetdirmə üsulunda M.F.Axundzadə, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimi sələflərinin yolu ilə gedərək ictimai-siyasi hadisə və münasibətlərin təsvirində "gülüş mədəniyyətinə" dərindən yiyələnmişdir