Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyətinin ağırlaşması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə teatrın mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “Qeyd etmək istəyirik ki, Ə. Məmmədoğlu noyabrın 12-də yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib, həkimlərin tövsiyəsi ilə bir neçə gün müalicə alıb. Xəstəxanada müalicə aldığı müddətdə aktyorun səhhəti Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində olub, teatrın rəhbərliyi əməkdar artistə baş çəkib, onun vəziyyəti ilə maraqlanıb”.Aktyorun özü ilə əlaqə yaradılıb, Ələsgər Məmmədoğlu bildirib ki, sağlamlığında narahatlığa səbəb olacaq hal yoxdur, özünü yaxşı hiss edir və bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub.