Əfqanıstan və Qarabağ müharibələri veteranı, ehtiyatda olan kapitan, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Tərlan Eyvazov növbəti əl işi təqdim edib.
Qaziler.az xəbər verir ki, bu barədə rəssam şəxsi feysbuk hesabında paylaşım edib. O, çəkdiyi rəsm əsərini Novruz bayramı ərəfəsində, su çərşənbəsində (25 fevral 2025) təqdim edib:
“Bu gün elmi dillə desək, əzəl çərşənbədi. Dedim məhz indi, bir aydan çox işlədiyim bu tablonu, tanınmış ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölgəsi üzrə rəhbəri Ağamurad İsrəfilovun 60 illik yubileyinə həsr etdiyim "Şəşəngi" tablosunu paylaşım.
Arxa tərəfdə ana təbiətin özünün "toxuduğu" xalçalar, öndə isə xalqımızın əsrlərdən bəri yaratdığı, müxtəlif bölgələrimizin müxtəlif çeşidli xalçaları təsvir edilib. Həm yaz, həm xeyir işlər, nişan, toy büsat, çal çağır rəsmi... Sanıram bu soyuq qış günü, böyük zəhmət bahasına başa gətirdiyim tablo sizlərə yaxşı əhval ruhiyyə bəxş edəcək.
Göstərdiyi dəstəyə, faydalı məsləhətə görə o tay, bu tay Azərbaycanımızın böyük ustadı, isdedadlı saz ifaçısı, folklorumuzun araşdırmaçısı Çingiz Mehdipura təşəkkür edirəm. Hörmətli ağsaqqal ziyalımız Qəzənfər Hüseyn əminin göndərdiyi Laçın xalçasına da yer tapmışıq”.
"ŞƏŞƏNGİ" tablosu 110-80 sm. ölçüsündə, kətan üzərində yağlı boya ilə işlənib.
QAZİLER.AZ
