İsveçin Höteborq şəhərində yaşayan “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi tərəfindən Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, onların arasında yazıçılar, filoloqlar, tərcüməçilər və tədqiqatçılar iştirak ediblər.
Konfransın moderatoru, yazıçı Eluca Atalı Beynəlxalq Ana Dili Günü haqqında məlumat verib. O qeyd edib ki, Beynəlxalq Ana Dili Gününün qeyd olunmasına səbəb 1952-ci ildə Banqladeşin Benqal şəhərində ana dilinin rəsmi dil kimi tanınması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi olmuşdur. 1999-cu ilin noyabr ayında isə Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Tədbirin qonağı əslən Cənubi Azərbaycandan olan, İsveçdə yaşayıb, Azərbaycan Demokratiya və İnkişaf Cəmiyyətinin sədri kimi fəaliyyət göstərən Duman Radmehr idi. O, çıxışında qürbətdə ana dilinin qorunmasının vacibliyindən, həmçinin İranda tarix boyu Azərbaycan dilinin müxtəlif çətinliklərlə üzləşməsi barədə danışıb.
O bildirib ki, ünsiyyət vasitəmiz olan dilimiz həm də siyasi və strateji varlığımızdır.
“Onu qorumaq milli iradə yaradır və assimilyasiyanın qarşısını alır”, – deyə Radmehr çıxışını tamamladı. Əlyazmalar İnstitutunun əməkdaşı Çinarə Qəbulova çıxışında qeyd edib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sistemində yer alması, Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönəlmiş düşünülmüş siyasətinin nəticəsidir.
“2002-ci il sentyabrın 30-da Azərbaycan Respublikasında “Dövlət dili haqqında” qanunun qəbul edilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli və mədəni hüquqlarının qorunması istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur. Bu sənəd, Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə olan tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri prezidentimiz İlham Əliyev uğurla davam etdirməkdədir”, – Çinarə Qəbulova çıxışında vurğulayıb.