Çinin “Alibaba” internet-kommersiya şirkəti ölkədə “Subaylar günü” kimi qeyd olunan və ciddi endirimlərlə kütləvi satışların təşkil edildiyi 11 noyabrda rekord online satış rəqəminə nail olub.
İKT.lent.az-ın məlumatına görə, Pekində keçirilən tədbirin təntənəli açılışında Hollivud aktyorları, o cümlədən Deniel Kreyq və Kevin Speysi iştirak ediblər.
Aksiya Pekin saatı ilə 00.00-da başlayıb. İlk 90 dəqiqədə 5 milyard dollar, 10 saat ərzində 8 milyard dollar, 12 saat ərzində 9 milyard dollar həcmində satış həyata keçirilib. Sutka ərzində 14,3 milyard dollar həcmində satışa nail olunub ki, bu da ötənilki rəqəmdən 60% çoxdur. “iPhone”dan alt paltarlarına qədər, müxtəlif malları alıcılara çatdırmaq üçün 1,7 milyon nəfər kuryer, 400 min avtomobil və 200 təyyarədən istifadə olunub. Mobil cihazlar satışların 60%-ni təşkil edib.
“Alibaba”nın Direktorlar Şurasının sədri Cek Manın şirkəti beynəlxalq platformaya çevirmək barədə strategiyası uğurla nəticələnib. Bu il istifadəçilərin üçdə biri Çin xaricindən cəlb olunub. Cek Ma ölkə xaricindən əldə olunan gəlirləri yaxın illərdə 50%-ə yüksəltməyi planlaşdırır.
Qeyd edək ki, “Subaylar” və ya “Tənhalar” adlandırılan gün çinli tələbələr tərəfindən 1990-cı illərdə 14 fevral - Müqəddəs Valentin Gününə alternativ kimi kəşf olunub. 2009-cu ildə Cek Ma həmin gündən internet satışları üçün yararlanmağı qərara alıb. Təşəbbüs sektorun digər şirkətləri tərəfindən də dəstəklənib və o gündən bəri 1-lərdən ibarət tarix (11-ci ayın 11-ci günü) Amerikada Şükranlıq Gününün ertəsində online mağazaların ciddi endirimlərlə satışlar həyata keçirdiyi günün analoquna çevrilib.