“Rejissor Ramiz Əsgərov “Mən ki, gözəl deyildim” filmini çəkməyə başladı. Məni də orada Səidə roluna dəvət etdi. Çəkilişlər Lənkəranda baş tutmalı idi. Elə bir səhnə var idi ki, göldə qayıqla şəkiliş olmalı idi. Çəkilişin 13-cü günü idi. Səhv etmirəmsə Dneprin alınması səhnəsini çəkirdilər. Həmin vaxt çaya iki qayıq buraxıldı. Birində aktyorlar, digərində çəkilişin texniki heyəti idi. Partlayış səhnəsində pirotexnik ehtiyatsızlığından həqiqi partlayış baş verdi. Rejissor Ramiz Əsgərov, operator və iki kino işçisi həlak oldu. Təkcə Rasim Ocaqov bu heyətdən sağ qaldı. Yaradıcı heyətin bir qismi ekran əsərindən imtina etdi. Sonradan filmi Tofiq Tağızadəyə verdilər. Həqiqətən də çox ağır günlər idi. Təsəvvür edin ki, kinostudiyadan 5 meyit çıxdı”
QAZİLER.AZ bildirir ki, bunu Moderator.az -a açıqlamasında tanınmış aktrisa Rənan Səlimova deyib. O daha sonra əlavə edib:
“İllər sonra bir filmdə yenə də baş rolda çəkiləcəkdim o da faciə ilə nəticələndi. Bu taleyin yazısıdır. Həyatda hər şey bizim istədiyimiz kimi olmur ki.. Sonradan filmi Tofiq Tağızadəyə verdilər. Filmin heyəti dəyişdi, mənim yerimə xalq artisti Xuraman Qasımova dəvət olundu. Xuraman xanım çox yaxşı aktrisadır. Deyə bilmərəm ki, mən ondan yaxşı oynayardım. Qətiyyən! Bəlkə də Xuraman xanımdan pis oynayardım. O rolu oynamağa nə var ki? Orada dərin bir aktrisalıq işi yoxdur. Heç vaxt da peşman olmadım. Heç soruşmadım da məni niyə çəkməmisiz? Bizim nəsil aktrisalarda paxıllıq yoxdur. Gözüm çox toxdur. Heç vaxt deməmişəm ki, mənə niyə xalq artisti adını verməmisiz? Halbuki mənimlə birlikdə sənətə gələnlərin əksəriyyəti xalq artistidir. Durum oturum küsüm ki, mən niyə xalq artisti deyiləm? Qətiyyən!” deyə sənətkar bildirib.