Azərbaycan xalçaları Luvr muzeyində sərgilənəcək

Azərbaycan xalçaları Luvr muzeyində sərgilənəcək backend

Fransanın məşhur Luvr muzeyinin İslam Departamentinin direktoru xanım Yannik Linzi Azərbaycan Xalça Muzeyində olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Yannik Linzinin muzeyə gəlişinin əsas məqsədi Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir. Sərgidə Luvr və Xalça muzeylərinin kolleksiyalarından olan Azərbaycan xalçaları sərgilənəcək. Böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin təşkili xalqımız və onun mədəniyyəti üçün yüksək göstəricidir.

Sərginin keçirilməsi Azərbaycan xalçalarının tam, hərtərəfli öyrənilməsinə, tədqiq və təbliğ edilməsinə imkanlar yaradacaq və dünya ictimaiyyətinin diqqətini bir daha qədim, dəyərli xalça sənətimizə, dünya muzeylərində, şəxsi kolleksiyalarda olan xalçalarımıza yönəldəcək.

Qeyd edək ki, dünya muzeylərində, o cümlədən Fransanın Luvr və digər muzeylərində Azərbaycanın tarixi, nadir xalçaları saxlanılır. Ən qiymətli, nadir nüsxəli xalçalarımız Luvr muzeyində saxlanılır ki, onların da sayı 50–yə yaxındır.

Azərbaycan Xalça Muzeyinin yeni binasının görünüşü, ekspozisiya zallarının geniş və qeyri-adi interyeri, bədii tərtibatı, xalçaların mərhələli təqdimatı, adət-ənənələrimizlə xalçanın vəhdəti, o cümlədən muzeydən həm dənizə, həm də Alov qüllələrinə açılan mənzərə qonaqda xoş təəssürat oyadıb.

Görüşün sonunda xanım Yannik Linziyə Azərbaycan Xalça Muzeyinin Röya Tağıyevanın fransız dilində nəşr olunmuş “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabı hədiyyə olunub.
Diaspora