Bu gün YUĞ Teatrı “Şok” tamaşası keçirəcək

Bu gün YUĞ Teatrı “Şok” tamaşası keçirəcək backend

30 oktyabr saat 18:00-da YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə türkiyəli dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Günay Səttardır.

Musiqi üzrə dizayn Amid Qasımov və Mələk Vəlizadəyə, səhnə dizaynı isə əməkdar incəsənət xadimi Rəşid Şerifə məxsusdur. Pyesi azərbaycan dilinə dramaturq Mehman Musabəyli uyğunlaşdırıb.

Janrı eqosentrik transaksiya kimi təyin olunan tamaşada Oktay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova iştirak edir.

26 illik fəaliyyəti ərzində YUĞ Teatrı ilk dəfədir ki, türk yazarı Turqay Narın yaradıcılığına müraciət edir. Dramaturqun “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını Azərbaycan teatrı ilə Türkiyə dramaturgiyasının yaradıcı işbirliyində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar.

“Şok” tamaşası müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, nəfəs dərmək, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

“Şok” tamaşası YUĞ Dövlət Teatrının sayca 94-cü tamaşasıdır. Tamaşanın xronometrajı 75 dəqiqədir.

İctimai baxışa teatrşünaslar, teatr mütəxəssisləri və media nümayəndələri dəvət olunub.
Diaspora