Gəncədə Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub. APA TV-nın qərb bürosunun məlumatına görə, ölkə başçısının sərəncamına uyğun olaraq görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinə həsr olunan ilk tədbir Gəncə Olimpiya İdman Kompleksində keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə görkəmli generalın döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqətindən, onun Azərbaycanın hərb tarixinə verdiyi töhfələrdən söz açılıb və 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyəti vurğulanıb.General, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov bu kimi tədbirlərin gənc nəslin tərbiyəsindəki rolundan söz açıb: "Mən bir general kimi, bir azərbaycanlı kimi fəxr edirəm ki, bizim belə generallarımız olub. Biz həmişə onları yadda saxlamalıyıq. Çox sağ olsun bizim Ali Baş Komandanımız ki, tariximizi yada salırıq. Onu da demək istəyirəm ki bizim Qarabağ müharibəsində igid zabitlərimiz əsgərlərimiz böyük şücaət, mərdlik, kişilik göstəriblər. Təəssüflər olsun ki yaxşı oğullar itirmişik. Onları da yaddan çıxarmaq lazım deyil".
Səməd bəy Mehmandarovun Gəncə səfəri, cümhuriyyətin hərbi naziri kimi ordu quruculuğundakı xidmətləri haqqında faktlar geniş ekranda nümayiş etdirilən tarixi kadrlarla müşayiət olunub. Aktyorların ifasında təqdim olunan hərbi epizodlar maraqla qarşılanıb.
Tədbirdə nümayiş etdirilən ədəbi-bədii kompozisiyaya Gəncə Dövlət Dram Teatrının aktyorları, Silahlı Qüvvələrin özfəaliyyət kollektivləri, mahnı və rəqs ansambllarının üzvləri, mədəniyyət və incəsənət ustaları rəng qatıblar. Əsgərlər nümunəvi çıxışlar nümayiş etdiriblər.