UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil olan nümunələrimiz Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri
“Dünya yaddaşı” reyestri UNESCO-nun vacib palatformalarından biridir. 1992-ci ildən həyata keçirilən “Dünya yaddaşı” proqramının əsas məqsədi kağız üzərində, audiovizual, rəqəmsal və ya hər hansı digər formada mühüm və böyük dəyərə malik sənədlər və ya sənədlər kolleksiyalarının geri qaytarıla bilməyən itkisinin qarşısını almaqdır. Təşkilata üzv ölkələr arasında 2017-ci ildə yaranmış fikirayrılığı səbəbindən Dünya Yaddaşının Beynəlxalq Reyestrinə sənədlərin daxil edilməsi prosesi dayandırılmışdı. 24 may 2023-cü il tarixində UNESCO İcraiyyə Şurasının qərarı ilə altı il davam edən fasilədən sonra reyestrə 64 sənəd salınıb. Bunu alqışlayan baş direktor Odri Azule qeyd edib ki, üzv ölkələr bu prosesə böyük maraq göstərib. 56 ölkə və təşkilatın bu yeni əlavələri ilə indi reyestrdə dünyanın bütün regionlarından 494 sənədli irs kolleksiyası var.
Odri Azule: “Sənədli irs bəşəriyyətin ümumi yaddaşıdır. Yazılı və səsli irs nümunələri tədqiqat məqsədləri üçün qorunmalı və mümkün qədər çox insanla paylaşılmalıdır. Bu sənədlər bizim kollektiv tariximizin tərkib hissəsidir”.
Məlum olduğu kimi 10-24 may tarixlərində Parisdə keçirilən UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında təşkilatın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) yeni nominasiyalar daxil edilib. Onların arasında Azərbaycan və türk tarixinə aid irs əsərləri və sənədlər: Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu, Qacarlar hakimiyyəti dövründə beynəlxalq münasibətlərə dair sənədlər, Şeyx Səfiəddin Ərdəbili türbəsinin kitabları, türkmən, qırğız və özbək xalqlarının əlyazma və qədim irs yadigarları var.
Daşdan sellüloidə, perqamentdən metal disklərə qədər müxtəlif formalarda saxlanılan bu ümumbəşəri dəyərə malik simvolik irs nümunələri indi gələcək nəsillər üçün qorunur.
SƏNƏDLİ İRS NÜMUNƏLƏRİ BÜTÜN DÜNYADA TƏHLÜKƏ ALTINDADIR
Dünyanın bir çox yerlərində, xüsusən də inkişaf etməkdə olan ölkələrdə sənədli arxivlər bərbad vəziyyətdədir. Daşqınlar və yanğınlar illər ərzində minlərlə kağız qeydləri məhv edib, audiovizual materiallar yoxa çıxıb. Maqnit lentləri zaman keçdikcə pisləşir və onları saxlaya bilən cihazlar sıradan çıxır. Bu materialları qorumaq və rəqəmsallaşdırmaq üçün kollektiv səylərə ehtiyac duyulur, əks halda, onlar həmişəlik itirilə bilər. UNESCO bu məqsədlə Afrika ölkələrində kitabxanalara, arxivlərə və muzeylərə dəstək verir.
Azərbaycanda ixtisaslaşmış elmi institutlarda UNESCO meyarlarına uyğun olaraq “Dünya yaddaş” reyestrinə daxil olmuş elmi irs nümunələrinin mövcudluğu bizim dünya elmi irsinin obyektlərindən biri kimi qəbul edilməyimizin göstəricilərindəndir. Biz bu reyestr daxil olmuş nümunələrimizi milli səviyyədə populiyarlaşdırılmasının zəruriliyini önə çəkərək ayrı-ayrı nümunələr haqqında tanıtım məqsədli yazılar tədim edirik. Sizə bu məqaləmizdə təqdim olunan elmi irs nümunəsi Rüstəm Cürcani “Zəxireyi-Nizamşahi” əsəridir.
Rüstəm Cürcani “Zəxireyi-Nizamşahi” (Nizamşahın ehtiyatları) (Şifr: M-220)
XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. Mətn qızıl suyu ilə çəkilmiş çərçivə ilə çərçivələnib.
Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri
XIII əsrdə yazılmış bu kitab Zeynəddin Cürcaninin məşhur tibbi kitabını təqlid etmişdir. Rüstəm Cürcaninin əlyazması unikaldır və həmin kitab dünyanın yeganə əlyazmasıdır.
Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (“Nizamşahın azuqələri”) əsəri orijinal əsər olmaqla bərabər Zeynəddin ibn Əbu İbrahim Cürcani (XII əsr) tərəfindən yazılan “Zəxireyi -Xərəzmşahi” əsərinə bənzəyir. Bu əlyazma unikaldır və dünyanın digər əlyazma əmanətlərində (anbarlarında) tapılmamışdır; ən azı, dünyadakı bilinən digər kataloqlarda bu ada rast gəlinməyib. Kompilyasiya tarixi məlum olmasa da, əlyazma XVI əsrdə (Hicrə ilə 954) köçürülüb. Kitab tibbi bitkilərin, heyvandan alınan maddələrin, mineralların və mürəkkəb dərmanların əczaçılıq üzrə xüsusiyyətlərinin təsvirini verir. Bu kitab Qədim İran və fars dilli ölkələrdə tibb və farmakologiyanın inkişafına öz təsirini göstərib. Həmin əsər əlyazma şəklində saxlanılır və hələ də tərcümə və çap edilməyib.
Əlyazma Nəstəliq xətti ilə ağ kağızda qara mürəkkəb ilə yazılıb. Başlıqlar qırmızı mürəkkəb ilə yazılıb. Cildlənməsi qara dəridəndir. İlk səhifə ornamentlə naxışlanıb; format: 16×25 sm, səhifələrin sayı: 487.
Könül Həsənova,
ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,
UNESCO klubunun rəhbəri
Səməd Vəkilov ,
Tədqiqatçı-hüquqşünas
kanal32.az