Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi yad edilib

Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi yad edilib backend

Bu günlərdə dünyasını dəyişən Əməkdar Artist, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanovanın xatirəsi teatrda yad edilib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasının budəfəki nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal və Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər.

Qeyd edək ki, Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsini bitirib və həmin ildən Musiqili Komediya Teatrında çalışıb. Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik aktrisa əsasən “Subretka” ampluasında çıxış edirdi. Aktrisanın “50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beş manatlıq gəlin”də Naznaz, “Özümüz bilərik”də Ceyran, “Subaylarınızdan görəsiniz”də Çarliston, “Bankir adaxlı”da Maral, “Məhəbbət oyunu”nda Ceyran, “Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Aktrisa cari ilin oktyabrın 24-də vəfat edib.
Diaspora