Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.
QAZÌLER.AZ Kult.az-a istinaden xəbər verir ki, onun namizədliyi Assambleyanın Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyası tərəfindən irəli sürülüb. Komissiyanın sədri - Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov Mehriban Ələkbərzadənin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun bu mükafata layiq olduğunu bildirib.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif, humanitar elmlərin inkişafına dəyərli töhfələr verən, habelə ədəbiyyat, incəsənət və mədəni irsin qorunmasına, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət edən, dostluq əlaqələrinin, sülhün möhkəmləndirilməsi və dövlətlərarası mənəvi əlaqələrin inkişaf etdirilməsinə görə verilir. Mehriban Ələkbərzadə bu mükafata layiq görülən ilk qadın sənətkardır. O, mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ilin noyabrında Assambleyanın qərarı ilə təsis edilib.
Qeyd edək ki, bu ilin 9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşasının premyerası keçirilib.
Yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Azər Hacıəsgərlidir.