Azərbaycan Respublikasının Prezidenti yanında Qeri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə Azərbaycan Yaradıcılıq Fondunun həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində dörd kitab çap olunub.
Əsas məqsədi Azərbaycan Yaradıcılıq Fondunun maddi-texniki təminatını yaxşılaşdırmaq, Fondun işinin davamlılığını təşkil etmək və bununla da istedadlı insanlara maddi və mənəvi baxımdan dəstək olmaq, onların ictimaiyyətə tanıdılması üçün yeni imkanlar yaratmaqdan ibarət olan layihə öz vəzifələrini uğurla başa vurmaqdadır.Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi yaradıcı və istedadlı gənclərlə bağlı, həmçinin ahıl yaradıcı insanlara diqqət və qayğı göstərilməsi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsinə vətəndaş cəmiyyəti institutlarının da dəstək verməsi çox vacibdir. Bu səbəbdən Azərbaycan Yaradıcılıq Fondunun yenidən fəaliyyətə başlaması yaradıcı yeniyetmə və gənclərin sağlam, vətənə sədaqət ruhunda böyüməsi, öz istedad və yaradıcılıq potensiallarını cəmiyyətə təqdim etməsi, ahıl yaradıcı insanlara diqqət göstərilməsi, onların həyat və yaradıcılıq təcrübəsinin öyrənilməsi və gənc nəslə öyrədilməsi baxımından çox əhəmiyyətli oldu.
İcra edilən bu layihə nəticəsində Azərbaycan Yaradıcılıq Fondunun ofisi yenidən istifadəyə verildi və yaradıcı insanların rahat şəkildə toplaşacaqları məkana çevrildi.
Qeri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən layihə çərçivəsində gənc istedadların iki şeir və iki nəsr kitabı dərc olunub.
Gənc nasirlər Ömər Xəyyam və İkinci Mahmud, gənc şairlər Fəridə Məmmədova və Alikin müəllifləri olduğu kitablar bu layihə çərçivəsində çapdan çıxmış ilk kitablarıdır.
Qeyd edək ki, kitablar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.