Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq Artisti, “Şöhrət” ordenli, Afaq Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Evində reallaşan tədbirdə idarənin rəisi Əlikram Əliyev Afaq Bəşirqızının həyat və yaradıcılığından söz açaraq göstərdiyi xidmətdən, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Tədbirdə sevimli sənətkarın iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Salamovadır.
Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Xalq Artisti Afaq Bəşirqızı və Əməkdar Artist Ələkbər Əliyev ifa ediblər.
Tamaşada həmçinin aktyorlar - Əliməmməd Novruzov, Gülcahan Salamova, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov və başqaları iştirak ediblər.