Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb backend

Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərginin açılışı olub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə bir çox incəsənət nümayəndələri, o cümlədən rəssamlar iştirak ediblər.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında xalçalardan və onların incəsənətimizdəki yerindən danışıb, Taryer Bəşirovun yaratdığı xalçalarda Azərbaycan tarixini necə əks etdirdiyini vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı komitənin sədri Fazil Mustafanın təbrik məktubunu təqdim edib.

Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Heydər Əliyev Fondunun Humanitar siyasət məsələləri departamentinin müdiri Afət Əliyeva, Tahir Salahovun Ev-Muzeyinin direktoru Səadət Mirzəyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun professoru, Əməkdar elm xadimi Kübra Əliyeva, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış ediblər. Natiqlər Əməkdar rəssam haqqında fikirlərini bölüşüb, Taryer Bəşirovu 65 illiyi və fərdi sərgisi münasibəti ilə təbrik edib, uğurlar diləyiblər.

Tədbir Heydər Əliyev Fondunun 20 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Fondu-20” xalçasının təqdimatı və sərginin açıq elan edilməsi ilə yekunlaşıb.

Qeyd edilib ki, özünəməxsus dəsti-xətti ilə təkrarolunmaz sənət nümunələri ərsəyə gətirən, yaradıcılığında daim müxtəlif yeniliklər edən xalçaçı-rəssamın sərgisinə həsr edilən kataloq nəşr olunub.

Mayın 12-dək davam edəcək sərgi çərçivəsində Əməkdar rəssamın fəaliyyətinə həsr olunan mühazirə də keçiriləcək.

 

 

Diaspora