Daşkənddə Azərbaycan kitabları sərgilənib

Daşkənddə Azərbaycan kitabları sərgilənib backend

Özbəkistan Respublikasında hər il təşkil edilən ənənəvi “Kitab həftəliyi” çərçivəsində Daşkənd şəhərində yerləşən “Turan” kitabxanasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kitabları sərgilənib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində Azərbaycana aid kitablardan ibarət sərgi ilə tanış olublar.

Sözügedən kitabxananın akt zalında davam edən tədbiri açan kitabxananın təşkilati məsələlər üzrə məsul şəxsi Dilfuza Dursimatova Özbəkistanda keçirilən ənənəvi kitab həftəliyi haqqında məlumat verərək, bu münasibətlə “Turan” kitabxanasının da silsilə tədbirlər təşkil etdiyini və bu tədbirlər çərçivəsində bir günün sırf Azərbaycan kitablarına həsr olunduğunu qeyd edib. D.Dursimatova “Turan” kitabxanası ilə sıx əməkdaşlıq etdiklərinə, eləcə də bugünkü sərginin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev kitab bayramı münasibətilə hər kəsi təbrik edərək, belə bir təşəbbüsün çox gözəl ənənə olduğunu vurğulayıb. İki qardaş ölkə arasında mövcud əlaqələrdən söz açan N.Əlimirzəyev ölkə başçılarının bu münasibətlərin yüksək səviyyədə olmasına xüsusi diqqət yetirdiklərini, ələlxüsus da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətdə qardaş türkdilli dövlətlərlə münasibətlərin prioritet olduğunu qeyd edib. O, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 100-dən çox özbəkdilli nəşrin həyata keçirildiyini bildirərək, bu nəşrlərin Özbəkistanın müxtəlif kitabxanalarına qarşılıqsız olaraq verildiyini, özbək oxucusuna çatdırıldığını vurğulayıb.

Daşkənd şəhər Şayxantohur rayonu Mədəniyyət Mərkəzinin direktoru Abdulqayim Akbarov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, şairə-jurnalist Nazira Aripova Özbəkistanla Azərbaycan xalqları arasında qədim və sıx ədəbi-mədəni əlaqələrdən söz açaraq, günümüzdə bu əlaqələrin daha da yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığı diqqətə çatdırılıb, bu münasibətlə Azərbaycan Mədəniyyət Mərkəzinin bir çox layihələr həyata keçirdiyi və dahi şairin əsərlərindən ibarət iki cildliyin özbək dilində nəşrə hazırlandığı bildirilib.

Sonda K.Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tərcümə və çap edilmiş tanınmış azərbaycanlı şair, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcüməsindən ibarət “Xurshidga yetar boshim” (Günəşə çatar başım) adlı kitab haqqında geniş məlumat verib.

 

 

Diaspora