Koreyada Azərbaycan Kinosu Festivalı keçirilib

Koreyada Azərbaycan Kinosu Festivalı keçirilib backend

Oktyabrın 13-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Koreya Fondunun birgə təşkilatçılığı ilə Koreyada Azərbaycan Kinosu Festivalı keçirilib.

Nazirlikdən Trend-ə daxil olan məlumata görə, Rasim Balayev, Ayaz Salayev, İlqar Nəcəf və Cahangir Məmmədovdan ibarət Azərbaycan nümayəndə heyəti Koreyada kinomuzu təmsil ediblər.

Paytaxt Seulun “Mirror Center” Mədəniyyət Mərkəzində festivalın açılışı münasibətilə qəbul təşkil olunub və qəbulda Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, diplomatik missiyaların rəhbərləri, yerli ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Daha sonra festivalın açılışında çıxış edən R.Balayev və İ.Nəcəf Azərbaycan kinosu, həmçinin həmin gün nümayiş etdirilən “Buta” bədii filmi haqqında tamaşaçılara məlumat veriblər.

Festival günlərində Azərbaycanın “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Ögey ana”, “Əhməd haradadır?”, “Dəli Kür”, “Ad günü”, “Qayınana”, “Girov”, “Buta” və “Axınla aşağı” bədii filmləri Koreya tamaşaçılarına təqdim olunub.

Qeyd edək ki, cari ilin iyul-avqust aylarında Azərbaycanın bir neçə şəhərində Koreya Kinosu Festivalı keçirilib.
Diaspora