Tiflisdə Bülbülün büstünün açılışı olub

Tiflisdə Bülbülün büstünün açılışı olub backend

Bir neçə gün əvvəl 70 yaşını qeyd edən məhşur azərbaycanlı Polad Bülbüloğlu Tiflisdədir. O, Gürcüstan paytaxtının mərkəzində dahi bəstəkar Bülbülün büstünün açılışını edib.

Açılış mərasimində Azərbaycan və Gürcüstandan olan ziyalılar, hökumət nümayəndələri iştirak edirdilər. Gürcüstanın mədəniyyət naziri Mixail Giorgadze Tiflisdə Bülbülün büstünün qoyulmasını mədəni hadisə adlandıraraq Bülbül və Polad Bülbüloğlunun Gürcüstana bağlılığından danışdı:

“Dahi Bülbül, onun oğlu təkcə Azərbaycanın deyil, həm də gürcü xalqının sevimlisidir və onların Gürcüstan mədəniyyətində xüsusi yeri var. Mənim səmimiliyimi ən azından bu gün burada olan ziyalı kütlə və şəhərin mərkəzində belə bir büstün qoyulması da təsdiq edir”.

Büstün açılışından sonra Axundov muzeyində Polad Bülbüloğlunun Tiflisdə keçən uşaqlıq illərindən, onun ailə üzvlərindən və gürcü xalqına yaxınlığından bəhs edən “Polad - Gürcüstanın dostu” adlı kitabın təqdimatı keçirildi.

Daha sonra Polad Bülbüloğluna Tiflis şəhərinin mədəni inkişafındakı xidmətlərinə görə diplom və Tiflisin fəxri vətəndaşı medalı təqdim edildi. Polad Bülbüloğlu öz çıxışında Gürcüstanı ikinci vətəni adlandıraraq Tiflisə qarşı onda xüsusi doğmalıq hissi olduğunu dilə gətirdi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sözlərinə görə, onun ata və anası vaxtilə burada birlərini tapıbıar: "Buna görə də Tiflis bizim üçün çox əziz şəhərdir, ikinci vətənimizdir. Mən çox şadam ki, Bülbülün büstü məhz M.F.Axundovun evinin qarşısında açılıb və bir növ bu evə baxır. Bu iki böyük azərbaycanlı şəxsiyyətin Gürcüstanda, Tiflisdə bir-biri ilə bir növ belə təmasda olması məncə çox böyük rəmzdir, çox böyük ideya daşıyır”.

Sabah Polad Bülbüloğlunun 70 illik yubileyi ilə bağlı Tiflisdə möhtəşəm konsert proqramı keçiriləcək.
Diaspora