“86 yaşım tamam olur. Ən böyük arzum Şuşanın işğaldan azad olunması idi, o arzuma da çatdım. Artıq həyata keçməyən arzum qalmayıb. İndi arzularım ailəmlə, övladlarımla, nəvələrimlə bağlıdır. Nəvəm öz adımı daşıyır. İstəyirəm ki, onlar xoşbəxt, firavan yaşasınlar. Gənclik illərində də müxtəlif arzularım olub. İstəyirdim ki, yazılar yazım, onlara filmlər çəkilsin. Bunların da əksəriyyəti reallaşıb. Əlimdə bir neçə ssenari var, amma hələ ki, film çəkilmir. Mədəniyyət Nazirliyi deyir ki, pulumuz yoxdur. Nə deyim vallah”.
Bunu Moderator.az-a Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
“Bu gün məni mənəvi aşınma narahat edir. Mənəvi dəyərlər itib, böyük-kiçiyə hörmət qalmayıb. Bayağı şeylər meydana çıxır. Bunlar heç də xoşagələn hal deyil. Bu gün mənə Azərbaycanın məşhur yazıçısı deyəndə bu sözü qəbul edirəm. Bəli, məni Azərbaycanda tanıyırlar. Mənə dünyaşöhrətli yazıçı deyəndə ona görə ətim tökülür ki, dünyaşöhrətli yazıçı olmaq başqa bir şeydir. Mənim də xarici ölkələrdə əsərlərim çap olunub. Amma özüm haqqımda heç vaxt demərəm ki, dünyaşöhrətli yazıçıyam. Bu sözü qəbul etmirəm. Mən Azərbaycanın şöhrətli yazıçısıyam”, - deyə xalq yazıçısı bildirib.