Azərbaycan cizgi filmlərinin Daşkənddə təqdimatı keçirilib

Azərbaycan cizgi filmlərinin Daşkənddə təqdimatı keçirilib backend

Özbəkistanda Azərbaycan çizgi filmlərinin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. Təqdimatda Özbəkistan Respublika Uşaq Kitabxanasının, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Daşkəndin orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzində Azərbaycan uşaq ədəbiyyatından ibarət sərgi, cizgi filmlərinin qəhrəmanlarını əks etdirən sərgilər təşkil olunub, həmçinin milli şirniyyatlar paylanılıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov cizgi filmlərinin uşaq və yeniyetmələrin inkişafında rolundan danışaraq, Mərkəzin layihəsi ilə bır sıra Azərbaycan cizgi filmlərinin özbək dilinə dubliyaj olunduğunu qeyd edib.

Özbəkistanın Respublika Uşaq Kitabxanasının direktor müavini Qulnoza Nərimanova Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, bu cür təqdimatların Özbək uşaqlarının Azərbaycan cizgi fimləri ilə yaxından tanış olması üçün imkan yaradacağını bildirib.

Sonra “Tık tık xanım”, “Meşəyə insan gəlir”, “Qız qalası əfsanəsi” və “Kirpi” cizgi filmləri nümayiş etdirilib.

Sözügedən cizgi filmlərinin ssenarisini tanınmış Özbək tərcüməçisi Rüstəm Cabbarov Özbək dilinə çevirib.

Tədbir çərçivəsində Azərbaycan milli rəqsləri, habelə Özbəkistanın tanınmış sehirbazlarının müxtəlif nömrələrlə çıxışı olub.

Qeyd edək ki, Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgidə bir sıra Azərbaycan uşaq kitabları, jurnalları nümayiş etdirilmiş, Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan cizgi filmləri” diskləri özbək uşaqlarına hədiyyə olunub.
Diaspora