Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daimi mühafizə olunmaq üçün 5031 saxlama vahidi fotosənədi və 77 saxlama vahidi kinosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib.
2021-2022-ci illəri əhatə edən sənədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iş qrafikinə uyğun xarici ölkələrə, həmçinin respublikamızın ayrı-ayrı bölgələrinə, xüsusilə İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizə səfərlərini, habelə rəsmi görüş və qəbullarını, beynəlxalq tədbirlərdə iştirakını və çıxışlarını, yerli və xarici ölkələrin mətbuat nümayəndələrinə müsahibələrini, hərbi hissələrdə əsgər və zabit heyətləri ilə görüşlərini, eləcə də yeni istifadəyə verilən hərbi hissələrin açılışlarında iştirakını əks etdirir.
Eyni zamanda, Prezident İlham Əliyevin Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında və Yuxarı Gövhər Ağa məscidinin açılışında iştirakını əks etdirən kino–fotosənədlər də qəbul olunmuş sənədlərin tərkibində ayrıca yer alıb.
Hazırda Dövlət Kino–Foto Sənədləri Arxivinə yeni qəbul olunmuş kino–fotosənədlərin ekspertizası keçirilməklə, Milli arxiv fonduna qəbul olunması rəsmiləşdirilir.