Mingəçevir Dövlət Dram Teatrında “Güc və Ağıl” tamaşasına ictimai baxışı keçirilib.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, yazıçı Əli Səmədlinin “Cəsurlar” nağıl-pyesi əsasında hazırlanmış tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Baxış tamaşasında teatrın bədii şurası, yaradıcı heyətlə bərabər, ilk dəfə olaraq Mingəçevir şəhərinin əksər məktəblərinin müəllim və şagirdləri də iştirak edib.
Müzakirələr zamanı çıxış edən teatrın direktoru Səxavət Məmmədov yeni hazırlanmış uşaq tamaşalarında belə müzakirələrin teatrda bir ənənə halını alacağını diqqətə çatdırıb.
Maraqla qarşılanan tamaşanın müzakirəsində müəllimlər və şagirdlər yüksək fəallıq göstərərək əsərin mövzu və ideyasının bu günlə uyğunlaşdırılması, vətənpərvərliyin, cəsurluğun, düşmənə qarşı mübarizənin ön plana gətirildiyini qeyd ediblər.
Tamaşada hadisələrin nağıl kontekstindən çıxarılaraq bu gün xalqımızın apardığı Qarabağ müharibəsi mövzusu ilə əlaqələndirilməsi balaca teatrsevərlərdə böyük maraq doğuraraq vətənpərvərlik hisslərinin aşılanmasına zəmin yaradıb.
Azərbaycanın Xalq Artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu tamaşada E.İbrahimova, A.Məmmədov kimi təcrübəli aktyorlarla yanaşı, teatrın gənc aktyoru da rol alıb.
Müzakirələr zamanı tamaşaçılar rəssam işinin, musiqi tərtibatının yüksək səviyyədə olduğunu xüsusi vurğulayıblar.
Qeyd edək ki, tamaşanın premyerası yaxın günlərdə balaca teatrsevərlərə təqdim olunacaq.