Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda bölgə folkloruna dair daha bir kitab – “Şəki folklor örnəkləri” kitabı nəşr olunub. Layihənin müəllifi AMEA-nın müxbir üzvü Muxtar İmanov, materialların toplayıcısı və kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı – Süleymanovadır. Bu kitab Şəkinin Göynük mahalından toplanmış folklor mətnlərini əhatə edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın bölgələrindən toplanan digər kitablar kimi bu kitabın da özünəməxsus cəhətləri var. Kitabda yer alan materialların böyük əksəriyyətini mifoloji mətnlər təşkil edir. Halın keçi dönərgəsi – Unuqay, Halın xoruz dönərgəsi, Vəhşi adam, Süleysin, Xortdan kimi personajlar Azərbaycan folkloru üçün tamamilə yenidir. Halın qadın dönərgəsi, Əzrayıl, Cin, Xıdır Nəbi, Xıdır İlyas, Naxış mifoloji personajları Azərbaycan folkloru üçün yeni olmasalar da, indiyədək nəşr olunmuş heç bir folklor toplusunda bu personajlarla bağlı bu qədər mətn bir yerdə çap olunmayıb.
Ovçuluqla bağlı mətnlərdə ovçular, ov həddi, ovun güdükçüləri, Süley və yaxud İsgəndər quşu haqqında maraqlı informasiyalar cəmləşib. Pirlərlə bağlı xeyli sayda rəvayət də kitabda yer alıb. Kitaba daxil olan materialların bir qismi də etnoqrafik mətnlərdir. Müxtəlif dualar, yağış kəsdirmə və yağdırma, toy və yas adətləri, Mövlud mərasiminin keçirilmə qaydaları ilə bağlı mətnlər bu başlıq altında özünə yer alıb.
Bayatılar, ağılar və paremioloji vahidlər də diqqətdən kənar qalmayıb. Göynük mahalında bayatı formasında söylənilən ağılarla yanaşı, nəsr formasında deyilən ağılar da geniş yayılıb.