P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Azərbaycanın Əməkdar Artisti, Rusiya Böyük Teatrının aparıcı solisti Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı açılıb.
Festivalın beş konsertinin proqramına dünya operasının inciləri - P.Çaykovskinin “İolanta”, C.Verdinin “Traviata” operaları, “Verdi-qala” və “Puçini-qala” proqramları, eləcədə Neopolitan mahnıları və İtaliya sarsuelaları daxildir.
Festivalda Dinara Əliyevanın səhnə tərəfdaşları dünya şöhrətli opera artistləridir. Onların arasında Azərbaycan səhnəsinin baritonu Əvəz Abdulla, məşhur ABŞ tenoru Çarlz Kastronovo, alban tenoru Saymir Pirqu, türk Murat Karaxan da var. P.Çaykovski və C.Verdinin operalarının konsert ifasında rusiyalı musiqiçilər – Böyük teatrın solisti Nikolay Didenko, Mariya Teatrının solisti Dmitri Voropayev də iştirak edəcəklər.
“Opera Art” festivalının ifaçılarını Y.F.Svetlanov adına Rusiya Dövlət Simfonik Orkestri, “Novaya opera” və “Orfey” orkestrləri müşayiət edəcəklər. Dirijor pultu arxasında Avstriya, İtaliya, Rusiya, İspaniya opera maestroları dayanacaqlar.
Dinara Əliyeva “Opera ART” festivalını təkcə Moskvada deyil, dünyanın bir çox ölkələrində keçirməyi planlaşdırır.