Astanada Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib

Astanada Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib backend

Qazaxıstanın paytaxtı Astanada yaşayan Azərbaycan icmasının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən verdiyi məlumata görə, “Xəzər” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin əməkdaşları, yerli dövlət qurumlarının təmsilçiləri, müxtəlif icmaların rəhbərləri, Qarabağ müharibəsi qaziləri və soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçılarını salamlayan birlik sədri Mahir Rzayev üç il öncə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə olunmuş parlaq qələbə və hazırda Dövlət Bayrağının Qarabağın bütün şəhər və kəndlərində dalğalanması münasibətilə soydaşlarımızı təbrik edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxışında Azərbaycanın Zəfər Günü, Qarabağ bölgəsində bu il sentyabrın 19-20-də 23 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri və hazırda Qarabağ iqtisadi rayonunda aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. Xankəndi şəhərinin mərkəzi meydanında ölkə başçısı İlham Əliyevin qəbul etdiyi hərbi paradı dövlətimizin və xalqımızın iradəsinin və gücünün təntənəsi adlandırıb.

Sonra Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib və diaspor quruculuğunda fəal iştirak edən soydaşlarımıza təşəkkürnamələr təqdim edilib.

Bayram konserti ilə başa çatan tədbir yerli KİV-də geniş işıqlandırılıb.

 

 

 

Diaspora