“Yuğ” Teatrının quruluşçu rejissoru Gümrah Ömər Ağdam Dövlət Dram Teatrında "Naməlum Axundzadə" mistik komediyasına quruluş verib.
Qaziler.az bildirir ki, Axundzadə ədəbi yaradıcılığına əsaslanan və yeni üslubda hazırlanmış tamaşa noyabrın 4-də Ağdam tamaşaçılarına təqdim olunub və böyük maraqla qarşılanıb.
Gumrah Ömər teatrın kollektivi ilə "Postdramatik teatr" nəzəriyyəsi və metodikasına dair ustad dərsləri də keçib. Sözügedən tamaşa həmin dərslərin yekunu olaraq ərsəyə gəlib.
Tamaşada teatrın aktyorları - əməkdar artist Aidə Qasımova, Elşən Cavadov, Nuranə Əliyeva, Fərhad Fərhadzadə, Elmir Hümbətov, Xəyalə Xudatova, Hakim Cəfərli və Zərifə Ağayeva maraqlı obrazlar yaradıblar. Tamaşanın rejissor asistenti Ceyhun Yusifov, səhnə dizaynı Qönçə Həzizadəyə, musiqi tərtibatı Azər Şükürova məxsusdur.
Ağdamda gerçəkləşdirilən ustad dərsləri və onun nəticəsi olan tamaşa Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr silsiləsindəndir.
Qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə yaradılıb. Haqverdiyevin özünün təşkilatçılığı və yerli ziyalıların köməkliyi ilə 1904-cü ildə Ağdamda ilk tamaşalar - M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərləri səhnələşdirilib.
1923-cü ildə dövlət teatrı statusu alıb.
Teatr bu il özünün 100 illiyini qeyd edir.