Gürcüstanda azərbaycanlı qəhrəman Rahib Məmmədova həsr edilmiş filmin təqdimatı olub

Gürcüstanda azərbaycanlı qəhrəman Rahib Məmmədova həsr edilmiş filmin təqdimatı olub backend

Gürcüstanın Zemo Svaneti bölgəsinin Xobi şəhərində azərbaycanlı qəhrəman Rahib Məmmədova həsr edilmiş “19 yaşlı xilaskar” adlı sənədli filmin təqdimatı olunub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Batumidəki Baş konsul Pərviz İsmayılzadə, Türkiyənin baş konsulu, Zemo-Svaneti bölgəsinin rəhbərliyi, Rahib Məmmədovun ailə üzvləri, Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Sonra Rahib Məmmədovun və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xobi şəhər merinin müavini David Beraya çıxışında deyib ki, Azərbaycan vətəndaşının Xobidə insanları xilas etməsi və bu zaman qəhrəmancasına həlak olması onun mənsub olduğu xalqın qəhrəmanlıq nümunəsidir. R.Məmmədov təkcə öz xalqının deyil, Gürcüstanın da milli qəhrəmanıdır.

Səfir Faiq Quliyev çıxışında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin tarixinə nəzər salıb, Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində bu əməkdaşlığın yeni müstəvidə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin səyləri nəticəsində iki ölkə arasında dostluq münasibətləri bütün sahələrdə inkişaf edir.

Diplomat 36 il bundan əvvəl Gürcüstanda baş vermiş təbii fəlakət zamanı 30-a yaxın insanı xilas edən, sonda isə qəhrəmancasına həlak olan R.Məmmədovun adının əbədiləşdirilməsini, abidəsinin yenidən bərpa edilməsini xalqlarımız arasındakı dostluq əlaqələrinin bariz nümunəsi olduğunu bildirib.

O, büstün bərpasına göstərdiyi yardıma görə SOCAR-ın Kulevi terminalının rəhbərliyinə minnətdarlığını bildirib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, artıq işğaldan azad edilmiş Ağdam rayonu ilə Xobi bələdiyyəsi arasında əlaqələr qurula bilər. Bu, hər iki ölkənin regionları arasında əməkdaşlıq əlaqələrinin də inkişafına müsbət təsir göstərəcək.

Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze Rahib Məmmədovun həyat və fəaliyyətindən danışıb, bir neçə il bundan əvvəl Kvemo Kartli bölgəsinin Candar kəndində də R.Məmmədovun büstünün qoyulduğunu bildirib və qeyd edib ki, büst yenidən bərpa olunacaq.

Sonra baş konsul Pərviz İsmayılzadə, R.Məmmədovun qardaşı Sahib Məmmədov çıxış edib, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafından, R.Məmmədovun həyat yolundan danışıblar.

S.Məmmədov qardaşının xatirəsinin əbədiləşdirilməsinə, büstünün yenidən işlənərək Xobi rayonunun Caladidi kəndindəki Qəhrəmanlar Meydanında ucaldılmasına görə Azərbaycan səfirliyinə, bölgə qubernatorluğuna, Xobi rayon rəhbərliyinə, eləcə də Kulevi terminalının rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra “19 yaşlı xilaskar” sənədli filmi nümayiş etdirilib.

Filmdə əslən Ağdamın Mahrızlı kəndindən olan və sovet dövründə Gürcüstanın Xobi rayonunda hərbi xidmət keçən azərbaycanlı gənc əsgər Rahib Məmmədovdan bəhs edilir. 1987-ci ildə adıçəkilən rayonda təbii fəlakət baş vermiş, həmyerlimiz Rahib Məmmədov qəhrəmancasına, öz həyatı bahasına 28 yerli sakini xilas etmişdir. Rahib Məmmədov fəlakət zamanı heç kimin öz həyatını təhlükəyə atmadığı bir anda komandirinin əmrinə tabe olmayaraq növbəti dəfə yerli sakinləri xilas etmək üçün həyatını təhlükəyə atır və qəhrəmancasına həlak olur.

Qeyd edək ki, “19 yaşlı xilaskar" sənədli filminin ideya müəllifi və prodüseri Şahismayıl Şəmmədoğlu, ssenari müəllifi Elnur Vəlizadə, rejissorları Georgi Toradze və Elnur Vəlizadədir.

Filmi gürcü dilinə tərcümə edən isə Tengiz Txilavadır.

Filmin nümayişindən sonra Xobi rayonunun Caladidi kəndindəki Qəhrəmanlar Meydanında Rahib Məmmədovun büstünün açılışı olub. Mərasimdə bildirilib ki, yaxın vaxtlarda kənd ictimai məktəbinə də R.Məmmədovun adı veriləcək.

 

 

Diaspora