Sabir Fondunun layihəsinin təqdimatı olub

Sabir Fondunun layihəsinin təqdimatı olub backend

“Mirzə Ələkbər Sabir Fondu” Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsinin yekun təqdimatını keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Fondun prezidenti Sevda Tahirli qeyd edib ki, fond artıq üç ildir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra edir. 2015-ci ilin aprel ayından etibarən layihənin hazırkı - III mərhələsi Azərbaycan ədəbi dilinin radio və televiziya verilişlərində tətbiqi zamanı yol verilən qüsurlara və onların aradan qaldırılması yollarına həsr edilib. Monitorinq üç televiziya və radio kanalında aparılıb .

Sevda Tahirli vurğulayıb ki, monitorinq zamanı televiziya və radio kanallarında aparıcıların dil lüğətinin tərkibində səslərin kəmiyyət baxımından düzgün tələffüz olunmamağı, leksik və üslubi səviyyədə normadan sapmalar, mənaya uyğun olmayan sözlərdən istifadə, qeyri-etik sözlərin işlənməsi, anlaşılmayan cümlələr, məntiqi səhvlərə yol vermələr, fonetik səviyyədə normadan sapmalar - samitlərin və saitlərin yanlış tələffüzü və s. kimi nöqsanlar müşahidə edilib.

Mövzu ətrafında İctimai Televiziyanın efirində “Müzakirə vaxtı” verilişində gənclərin, jurnalistlərin, QHT rəhbərləri və təmsilçilərinin, müxtəlif peşə sahiblərinin də qatıldığı “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsi çərçivəsində geniş müzakirə keçirilib, aparılan monitorinqin nəticələrinin əks olunduğu buklet nəşr olunub.

Tədbirdə BDU-nun professorları N. Əhmədli, A. Bayramoğlu, televiziya və radionun təcrübəli diktorları Ofeliya Sənani, Həqiqət Cabbarlı, eləcə də gənc aparıcılar Vüsalə Səid, Sevinc Muradova , peşəkar jurnalist Sevda Mikayılqızı, müxtəlif peşə sahibləri, tələbə gənclər iştirak edib.
Diaspora