Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub

Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub backend

Qırğızıstanın Bişkek şəhərində Alykul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında Türk Akademiyasının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr olunan “Saqımbaydın Manası” kitabının təqdimat mərasimi keçirilib. Layihə çərçivəsində “Manas” eposunun Saqımbay Orozbakovun variantı Qırğızıstanın görkəmli sənətçisi və manasçısı Rısbay İsakovun redaktorluğu ilə ilk dəfə nəsr şəklində yayımlanıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Qırğız Respublikası Prezidenti Administrasiyasının Siyasi və İqtisadi Araşdırmalar şöbəsinin müdiri Oktyabr Kapalbayev Dövlət katibi Suyinbek Kasmanbetovun təbrik məktubunu oxuyaraq, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yayımlanan layihənin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, yarım milyon misradan ibarət “Manas” dastanı dünya miqyasında və Türk dünyasında ən irihəcmli dastan hesab olunur. V-XII əsrlərdə qədim türklərin dövründə meydana çıxan “Manas” dastanı “Oğuz Kağan” dastanı ənənəsi ilə indiki dövr arasında simvolik əlaqə yaradır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva şifahi ənənə ilə əsrlər boyu nəsildən-nəslə ötürülən “Manas”ın qırğız xalqının daxili dünyasını, mənəviyyatını əks etdirdiyini bildirib. “Manas” qırğız xalqının gücüdür. Eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zaman hazır olması özünü göstərir”, - deyə o qeyd edib. Günay Əfəndiyeva Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Bişkekdə "Manas" dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə “Manas bizim hamımızın, türk xalqlarının hamısının ulu babasıdır" sözlərini xatırladaraq, eposu Türk dünyasını birləşdirən amil kimi qiymətləndirib.

Həmçinin Azərbaycanın tanınmış alimi Adil Cəmilin Manasın tədqiqinə və təhlilinə dair kitabının Azərbaycan və qırğız dillərində nəşr edildiyi, təşkilatın mərkəzi qərargahında “Manas Günü”nün təşkil olunduğu və bu xüsusda digər tədbirlərin keçirildiyi bildirilib.

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev çıxışında Manas irsinin öyrənilməsinə və təbliğinə dəstək verən təşkilat rəhbərlərinə minnətdarlığını bildirərək, bu cür təşəbbüslərin türk ölkələri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Qırğız Respublikası Joqorku Keneşinin deputatı Nurcigit Kadırbekov, Azərbaycanın səfiri Lətif Qəndilov, akademik Abdıldacan Akmataliyev, “Muras” Fondunun prezidenti, tarixçi Kıyas Moldokasımov, Qırğız Respublikası Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov çıxış edərək, müasir dövrdə qədim türk dastanlarının araşdırılmasının və daha dərindən öyrənilməsinin əhəmiyyətindən söz açıblar.

Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya və Türk Akademiyasının prezidenti Şahin Mustafayevə fəaliyyətlərinə görə xüsusi Manas medalları təqdim olunub.

 

 

Diaspora