Tallinndə “Karyera” Təhsil Akademiyası nəzdində fəaliyyət göstərən Azərbaycan bazar günü məktəbində Milli Musiqi Gününə həsr olunmuş musiqi müsabiqəsi təşkil edilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri açan “Karyera” Təhsil Akademiyasının təsisçisi Sənəm Əliyeva dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, həmçinin Azərbaycan musiqisinin tarixindən bəhs edib.
Müsabiqədə Estoniyada yaşayan yeniyetmələr və gənclər, habelə bu ölkədə təhsil alan azərbaycanlı tələbələr komandalara bölünərək Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin adlarını tapmağa çalışıblar. Tədbirə Tallinndə yaşayan gənc fəal Gülağa Gözəlov rəhbərlik edib.
Tədbirin sonunda qaliblərə Azərbaycan və Estoniyanın rəmzləri olan hədiyyələr təqdim edilib, milli şirniyyatlarımızın bəzədiyi çay süfrəsi təşkil olunub.