Məcnunun Mənsumu...

Məcnunun Mənsumu... backend

Bu gün Azərbaycanın xalq artisti, professor, məlahətli və şirin səsi ilə xalqımızın qəlbində əbədi yer tutmuş muğam ustası Mənsum İbrahimovun doğum günüdür! Bu illər ərzində “Leyli və Məcnun” operasındakı mükəmməl və uzunillik ifasına görə tez-tez ona “Məcnun”un Məcnunu da deyiblər! Amma bizcə, Məcnun obrazını özünə məxsus bir şəkildə yaratdığına və tamaşaçıya təqdim etdiyinə görə, “Məcnun”da onun ifasından razı qalardı və o da Mənsumun Məcnunu olardı!

QAZİLER.AZ saytı böyük sənətkarımızı təbrik edir, ona uzun ömür və can sağlığı arzulayır.

Mənsum İsrafil oğlu İbrahimov 1 oktyabr 1960-cı ildə Ağdam rayonunda anadan olmuşdur.

1967-1977 orta məktəbi bitirib. 1979-81 – ci ildə hərbi xidmətdə olub. 1982-87 – ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsini bitirib.

1988-93 cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni maarif” fakültəsini bitirmişdir.

1985-ci ildə Ü. Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş “V Respublika musiqi müsabiqəsi”ndə iştirak edib və 1-ci diploma layiq görülüb.

1985-ci ildə mərhum sənətkarımız Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına dəvət olunur. Kiçik rolları ifa etməyə başlayan M.İbrahimov 1993-cü ildə “Leyli və Məcnun” operasında Məcnun rolunu ifa etməyə dəvət olunur.

1993-cü ildə iyunun 25-də ilk premyerası olur və tamaşaçılar və sənətçilər tərəfindən yüksək qiymətləndirilir. Artıq uzun illərdir bu rolun mahir ifaçısıdır.

1995-ci ildə M.Füzulinin anadan olunmasının 500 illiyi münasibətilə YUNESKnun keçirdiyi silsilə tədbirlərdə, İraqda, Moskvada və Bakıda iştirak etmişdir. 1995-ci ildə “Aztelefilmin” çəkdiyi 3 hissəli “Leyli və Məcnun” film-operasında Məcnunun partiyasını oxumuşdur.

1994-cü ildə Z. Hacıbəyovun Aşıq Qərib operasında Qərib, 2000-ci ildə Şəfiqə Axundovanın “Gəlin Qayası” operasında isə Camal rollarını ifa etmişdir.

2000-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin dəvəti ilə Leyli və Məcnun və Aşıq Qərib operasını İstanbul şəhərində göstərmişdir.

Məcnun rolunda Mənsum İbrahimovun ifa etdiyi bu operalar çox yüksək qiymətləndirilmişdir.

Bu günə qədər opera səhnəsində 7 xanım - Qəndab Quliyeva, Səkinə İsmayılova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Simarə İmanova, Gülüstan Əliyeva və Aygün Bayramova ilə tərəf müqabili olmuşdur.

Eyni zamanda xanəndə kimi dünyanın bir çox ölkələrində: Almaniya, Hollandiya, Fransa, Belçika, Lüksemburq, Kipr, İraq, İran, Türkiyə və sairə ölkələrdə muğamlarımızı təbliğ etmişdir.

2001-ci ildə Almaniyada “Muğana ceyran” adlı kompakt diski buraxılmışdır.

1997-ci ildə Səbuhi studiyası tərəfindən klassik muğamlar adlı albom, 2003-cü ildə isə “Üç telli durna” kompakt disk və kasseti işıq üzü görmüşdür.

1998-ci ildə xalqımız və dövlətimiz qarşısında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar, 2005-ci ildə isə Xalq Artisti fəxri adına layiq görülmüşdür.

2002-ci ildə Prezident mükafatını almışdır.

2002-ci ildə “Simurq” milli Mükafat fondu tərəfindən xalq mahnılarının ustad ifaçısı, 2003-cü ildə isə İlin fədakar sənətçisi titulunu almışdır.

Mənsum İbrahimov həm də müəllimdir. Asəf Zeynalov adına musiqi kollecində və Yasamal rayon 22- saylı musiqi məktəbində muğamdan dərs deyir. Artıq onun yetirmələri respublikada keçirilən müxtəlif müsabiqələrin qalibləridir.

25 yanvar 2008 - ci il Mənsum İbrahimov "Leyli və Məcnun" operasının 100 illiyində 100-cü dəfə “Məcnun” rolunda çıxış etmişdir.

2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunmuşdur. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Konservatoriyasının professorudur.

Diaspora