Oktyabrın 1-dən 7-dək Bakıda Rusiya filmləri həftəsi keçiriləcək. Lent.az-ın məlumatına görə, tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və «Kinofest» prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Açılış mərasimi Nizami Kino Mərkəzində keçiriləcək. Mərasimdə iştirak etmək üçün Rusiya mədəniyyətinin tanınan simaları “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin, Rusiya federasiyasının xalq artisti Boris Şerbakov, aktyorlar Valeriya Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, Denis Şvedov, prodüserlər Ekaterina Filippova, Dmitri Savinskiy və prodüser Aleksey Pimanov Bakıya gələcəklər.Kinohəftə çərçivəsində nümayiş olunacaq filmlər sovet dönəmi vaxtından bu yana Rusiya filmlərinə maraq göstərən Bakı tamaşaçıları üçün nəzərdə tutulub. Kinohəftə rejissor Renat Davletyarovun ekranlaşdırdığı “Üfüqlər burda sakitdir...” filminin yeni versiyasının nümayişi ilə başlanacaq. Kinohəftə çərçivəsində müxtəlif janrlarda yeni və klassik filmlərlə yanaşı, “Zelenaya kareta” filminin premyerası da baş tutacaq.
Nizami Kino Mərkəzində Rusiya Kino həftəsi çərçivəsində nümayiş olunacaq filmlərin seansları hər gün saat 18: 40-da kinomərkəzin böyük zalında olacaq.