Azərbaycan istehsalı olan “Nabat” filmi beynəlxalq mükafat alıb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən film Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.
Qarabağ müharibəsinin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı “Nabat” filmi bugünədək onlarla kinofestivalda iştirak edib. O cümlədən, film 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunub.Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kinofestivalda “Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin mükafatı”na, Tripoli Beynəlxalq Film Festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Nabat” filmi 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elçin Musaoğlu tərəfindən çəkilib.