"Məhəmmədhüseyn Şəhriyar türk-müsəlman dünyası ədəbiyyatının zəngin xəzinəsinə qiymətli əsərlər vermiş sənətkarlar sırasında dayanır”.
APA TV-nin məlumatına görə bunu bu gün AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli XX yüzilliyin böyük şairi Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş "Şəhriyar şeir ənənələri və müasirlik" mövzusunda keçirilmiş elmi-praktik konfransda deyib.
Şəhriyarı İran torpağında yetişən qüdrətli Azərbaycan şairi kimi dəyərləndirən İsa Həbibbəyli şairin Azərbaycan dilində yazdığı şeirlərinin ən yüksək zirvədə dayandığını söyləyib: “Şəhriyarın türk dili haqqında tezisləri özünün türkcədə yazdığı bədii nümunələrlə bir daha isbat olunub. Şair xalq dilindən yoğrulmuş düşüncənin zirvəsində dayanır. O, İran, Azərbaycan ədəbiyyatında özünəməxsus yol açmış, İranda azərbaycandilli şeirin yeni böyük məktəbini yaratmışdır. Şəhriyar azərbaycandilli, farsdilli şeirin son yüz ildə böyük ustadıdır. Şair fars dilində zəngin irs qoyub getmişdir. Şərqşünaslar isbat edirlər ki, o, müasir farsdilli şeirin də zirvəsində dayanır”.
İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pak Ayin Ustad Şəhriyarın Azərbaycan dilində söylədiyi “Heydər Babaya salam” şerinə diqqət çəkərək bu şerin təkcə İranda deyil, həm də Azərbaycan Respublikasında şöhrət qazandığını və onun unudulmaz şerlərindən biri olduğunu vurğulayıb: “Tədqiqatçılar Şəhriyar yaradıcılığını müasir dövrün Hafizi səviyyəsində qiymətləndirirlər. Bu, Şəhriyarın dünya ədəbiyyatında böyük yer tutan görkəmli sənətkarlardan olduğunu birmənalı ifadə edir. Onun şeirləri bir çox dillərə tərcümə olunub, insanların ruhunu oxşayıb. Bu gün elə bir insan tapıla bilməz ki ki, Şəhriyar poeziyasının vurğunu olmasın, onun şeir nümunələrini bilməsin”.
Ölməz şairin xatirə gününə həsr olunmuş tədbirdə AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli M.Şəhriyarı Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biri, qüdrətli söz ustadı adlandırıb.
Tədbirdə, həmçinin Şəhriyar yaradıcılığının zənginliyindən, onu xalqa sevdirən səbəblərdən söz açılıb.