N.V.Lısenko adına Ukrayna Milli Filarmoniyasının Sütunlu salonunda "Kiyev solistləri" Milli Kamera Ansamblının konserti olub.
Bu adlı–sanlı musiqi kollektivi artıq 10 ildən çoxdur ki, "Dünyada Ukraynanın mədəniyyət elçisi" adını daşıyır. Hazırda ansamblın dirijoru dünya şöhrətli violonçelçalan, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-İsrail), bədii rəhbəri-direktoru, Ukraynanın Xalq Artisti Oles Yaskodur.Azərbaycanın və keçmiş SSRİ-nin Xalq Artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli (fortepiano) konsertdə böyük uğurla çıxış edib.
Musiqili gecədə Yaponiyadan gənc və istedadlı pianoçu Ayko Yajima, habelə fleytaçı Mariya Kinax da iştirak ediblər.
Konsertdə İ.S.Bax, F.Mendelson, Bartoldi, D.Şostakoviç, B.Briten, V.Kilar və V.Mustafazadənin əsərləri səslənib.
Salonda Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, səfirliyimizin əməkdaşları, Azərbaycanın diaspor və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.