Mən teatr aktyoruyam, ömrümün ən mənalı və gözəl vaxtlarını kinoda keçirmişəm. Kino mənə çox şey verib. Kino mənə şöhrət, hörmət və insanların sevgisini bəxş edib. Bu səbəbdən də kinematoqrafiya sahəsində olan hər bir problem məni də düşündürür və narahat edir.
QAZİLER.AZ bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Kinosu -125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumunda iştirak edən aktyor, Xalq artisti Hacı İsmayılov deyib.
“Kino Forumunun təşkili məni çox sevindirdi. Çünki belə görüşlər və müzakirələr çoxdan gözlənilən idi. Bu, Azərbaycan mədəniyyətinin, eyni zamanda kino sənətinin inkişafı üçün çox vacib olan bir təşəbbüsdür. Burada çox söhbətlər, müzakirələr oldu, amma ən əsas Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından çox az danışıldı. Axı bizim sevərək izlədiyimiz klassik filmlərimiz elə həmin kinostudiyada istehsal olunub. Orada pavilyonlar, xüsusi texnika, avadanlıqlar və inkişaf üçün rəqabət var idi. Rejissorlar bir-birindən maraqlı və baxımlı filmlər çəkirdilər. Ora canlı və işlək mexanizm idi. Məncə ən önəmli məsələlərdən biri də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasını bərpa edərək əvvəlki işlək halına gətirməkdir. Yalnız bundan sonra milli kinematoqrafiyamız inkişaf edə bilər", - deyə Xalq artisti söyləyib.