Hollivudda 18 sentyabr “Üzeyir Hacıbəyli Günü” elan olunub

Hollivudda 18 sentyabr “Üzeyir Hacıbəyli Günü” elan olunub backend

Bu gün ABŞ-ın Los Anceles şəhərində “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacaq. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan Lent.az-a verilən məlumata görə, bu barədə şəhərin meri Erik Qarsetti bəyannamə imzalayıb.

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar qəbul edilmiş bəyannamədə dahi bəstəkarın Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığı diqqətə çatdırılır.

Bəyannamə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub. Sənəddə Ü. Hacıbəylinin milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun Azərbaycan maarifçiliyində oynadığı önəmli roldan da bəhs olunur. Qeyd olunur ki, Ü. Hacıbəylinin yaradıcılığının təsir gücü Azərbaycanın sərhədlərini aşaraq bütün Avrasiya bölgəsinə yayılıb.

Eyni zamanda, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, “Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının sentyabrın 19-da ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

Qeyd edək ki, bu, ABŞ-ın ikinci ən böyük şəhəri olan Los Anceles şəhəri tərəfindən Ü. Hacıbəyli ilə əlaqədar qəbul edilmiş ilk sənəddir.

Həmçinin, Kaliforniyanın digər 5 şəhəri (San Dieqo, Lonq Biç, Santa Monika, Vest Hollivud və Monterey) tərəfindən də oxşar məzmunlu sənədlər qəbul edilib. Sentyabrın 18-də həmin şəhərlərdə də “Üzeyir Hacıbəyli Günü” elan olunub.
Diaspora