Aşıqlar Birliyinin yaradılmasında əsas məqsəd bu milli sənəti inkişaf etdirib gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İran Aşıqlar Birliyinin sədri Kösərəli Şahbazi deyib. İranda müxtəlif xalqların nümayəndələrinin birlikdə dinc və mehribanlıqla yaşadığını bildirən müsahibim qeyd etdi ki, azərbaycanlı aşıqların birliyinin yaranması və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması İranın zəngin mədəniyyətə malik olmasının göstəricisidir.K.Şahbazi oktyabrın 11-də Tehranda İran Aşıqlar Birliyinin təqdimat mərasiminin keçiriləcəyini nəzərə çatdıraraq bu tədbirə Azərbaycandan, Türkiyədən və Orta Asiya respublikalarından da el sənətkarlarının, İranda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin də dəvət olunacağını deyib. Birlik beynəlxalq səviyyəli müsabiqə və festivallar keçirəcək, konsertlər verərək bu qədim el sənətini təbliğ edəcək.
M.Şahbazi 1962-ci ildə Təbriz yaxınlığındakı Ağcaqışlaq kəndində anadan olub və 11 yaşından ustad aşıq Əvəzdən dərs alıb. Tehrana gəldikdən sonra burada emalatxana açaraq 17 il saz düzəltməklə məşğul olub. Sənətə vurğunluğu onun yolunu İranın Dövlət Televiziya və Radio Verilişləri Təşkilatından salıb. Televiziyanın musiqi şöbəsində çalışaraq dastan və qoşmalar ifa edib.
İran Aşıqlar Birliyinin yaradılması ideyasını reallaşdırmaq üçün K. Şahbazi Təbriz, Urmiya, Myana, Ərdəbil, Xoy, Zəncan şəhərlərinə səfərlər edib. Bu şəhərlərdə pərakəndə fəaliyyət göstərən aşıqlarla görüşüb və ideyasının dəstəklənməsinə nail olub.
İran-Azərbaycan mədəni əlaqələrinin inkişafında əhəmiyyətli rola malik olan K. Şahbazi 2010 və 2014-cü illərdə Bakıda keçirilən Beynəlxalq Aşıq Festivallarında uğurla çıxış edərək İranı təmsil edib.
Bakının çox gözəl olduğunu vurğulayan sənətkar Azərbaycanda aşıq sənətinə dövlət tərəfindən diqqət və qayğının yüksək olduğunu da bildirib. Tanınmış şair və aşıq Zəlimxan Yaqub, aşıq Ədalət və başqaları ilə yaxın dostluq əlaqələri saxlayan K. Şahbazi sentyabrı 30-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin dəvəti ilə aşıq Ulduzun yubiley mərasimində iştirak etmək üçün Bakiya yola düşəcək.
"El səsi", Aşıq gördüyünü çağırar", "İran aşıqları və ədəbiyyatı", "Dədə Qurbani və Pəri xanım" adlı şeirlər kitablarının müəllifi olan K. Şahbazi yaradıcılıq axtarışlarını bu gün də davam etdirir.