Moskvada Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə İkinci Beynəlxalq İpək Yolu Mədəni Forumu keçirilib.
Azərbaycan da daxil olmaqla 16 ölkənin iştirak etdiyi forumun əsas mövzusu "Əməkdaşlığın inkişafı. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələr və birgə layihələr"dir.
Forumun açılışında çıxış edən Rusiya Baş nazirinin müavini Olqa Qolodes bildirib ki, həm MDB-yə, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin məhz humanitar əməkdaşlıq sahəsində bir araya gəlməsi çox uğurlu və perspektivli layihələrə yol açır.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun həyata keçirdiyi iri layihələr barədə məlumat verib, UNESCO və TÜRKSOY ilə əməkdaşlıqdan söhbət açıb.
Forumun yekununda dövlətlərarası yeni strukturun- İpək yolu-Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatının yaradılması haqqında saziş imzalandı.
Beynəlxalq İpək Yolu Mədəni Forumu mədəniyyət sahəsində beynəlxalq əlaqələrin yaradılması üçün qeyri-dövlət platformasıdır. Forumun birinci iclası 2014-cü ildə Astanada keçirilib.