Misirli tətqiqatçının Qarabağla bağlı kitabının təqdimatı oldu

Misirli tətqiqatçının Qarabağla bağlı kitabının təqdimatı oldu backend

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün misirli jurnalist və tədqiqatçı Əhməd Əbdoh Tarabekin “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabının təqdimat mərasimi keçirilib. BAMF-ın Bakı ofisində baş tutan mərasimi giriş sözü ilə açan Fondun sədri Umud Rəhimoğlu kitabın ərəb dilində çap edilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə – Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaidi, kitabın müəllifi Əhməd Tarabek, Azərbaycanın Misirdəki konsulu Emil Rəhimov, tarixçi alim Boran Əziz, yazıçı Yunus Oğuz, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, hərbi vətənpərvərlik mahnıların ifaçısı Şəmistan Əlizamanlı, hərbi jurnalist İbrahim İbadoğlu, rusca “Qarabağın səsi” dərgisinin rəhbəri Qədir Nəsirov, “Qarabağ qəzetinin əməkdaşı Əntiqə Rəşid, Qarabağ döyüşçüsü Ədalət Məhərrəmov və digərləri çıxış ediblər. Onlar Orta Asiya və Qafqaz məsələləri üzrə bir mütəxəssisin Dağlıq Qarabağın coğrafiyası və tarixinə, bu bölgədə yaranan münaqişəyə, onun həlli yollarına nəzər salmasını 500 milyon əhalisi olan 23 ərəb ölkəsi üçün siyasi və mədəni bir hadisə adlandırıblar.

456 səhifədən ibarət olan kitabın 1-ci fəsili Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağın coğrafiyası və tarixi, aid olduğu dili, dini və mədəniyyəti, təbii sərvətləri, iqtisadiyyatı, əsrlər boyu Qarabağın keçdiyi tarixi mərhələləri, o cümlədən ərəb-islam xilafəti dövründə və keçən əsrin 80-ci illərində yaranmasının tarixini əhatə edib.

İkinci fəsildə münaqişənin yaranma səbəbləri, Dağlıq Qarabağda gedən müharibə, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı vətəndaşlara qarşı törədilmiş qətliamlar, Xocalı soyqırımı, qanlı Yanvar hadisələri, Azərbaycan xalqına qarşı yönəlmiş terror aktları və zorakılıq haqda məlumat verilib.

3-cü fəsil isə bu münaqişə ətrafında gedən sülh danışıqları və həlli yolları, Minsk qrupunun fəaliyyətindən, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbilə sülh danışıqlarının bir nəticə verməməsindən danışılıb.

Qeyd edək ki, “Qarabağ Qafqazda sülhün yoludur” kitabı Azərbaycanın Misirdəki səfirliyin dəstəyilə dərc edilib.

Diaspora