Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb
Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı olub.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qəhrəmanın ailə üzvlərinin, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Milli Qəhrəman Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar.
Milli Qəhrəmanın oğlu Canpolad Rzayev filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Sonra sənədli film nümayiş etdirilib. “Salnaməfilm studiyası” tərəfindən dövlət sifarişi ilə hazırlanmış filmin rejissoru Elşən Zeynallıdır.
Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Qeyd: Xatırladaq ki, tədbir Azərbaycan Respublikası "Qarabağ Qaziləri" İctimai Birliyinin və Azərbaycan Respublikası "Dəmir Yumruq" Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.