Şekspirin “Qlobus” teatrı oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Hamlet” tamaşasını oynayacaq. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq.
Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxıb. Bu misilsiz layihənin məqsədi “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.Şekspir Qlobus teatrının bədii rəhbəri və “Hamlet” tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet” layihəsi “Hamlet” tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunması məqsədilə yaradılıb: “Turnemizin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq, hər kəsi əyləndirə və hər kəslə danışa bilər və heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hazırda tamamlanıb və “Hamlet” tamaşası Amerika, Avropa və Afrika daxil olmaqla artıq 100-dən çox ölkədə yüz mindən artıq tamaşaçı üçün nümayiş olunub.”
British Council Azərbaycanın direktoru Elizabet Vayt bildirib: “Dünya turnesi çərçivəsində Şekspirin “Qlobus” teatrını “Hamlet” tamaşası ilə Bakıda qarşılamağa şadıq. Azərbaycan tamaşaçısı bu sənət əsərini tanıyır və sevir və onu Şekspirin öz teatrı tərəfindən yeni quruluşda izləmək fürsətini qaçırmayacaq. Biz Şekspirin ildönümünü növbəti il də qeyd etməyə davam edəcəyik: “Gəlmişik xoş niyyətlə, Bir xeyirxah sənətlə”.
Tamaşa ingilis dilində və Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq. Biletləri şəhərin bilet kassalarından əldə edə bilərsiniz.