Aşıq Ələsgər İB Muğam Mərkəzində şairi yad etdi
Bakı Muğam Mərkəzində Türk dünyasının görkəmli şairi Zəlimxan Yaqubun xatirəsi gecəsindəydik. Tədbir Aşıq Ələsgər İctimai Birliyinin sədri Xətai Ələsgəlinin təşkilatçılığı ilə keçirildi. Gecədə iştirak edən qonaqlar, incəsənət adamları, ziyalılar şairin haqqında çıxış edərək xoş xatirələrini danışdılar. Şairin sözlərinə bəstələnmiş şeirlər aşıqlar tərəfindən tamaşaçıların, qonaqların ruhunu oxşadı.Tədbirdə bədii qiraət ustası Ağalar Bayramov şairlə bağlı xoş xatirələrindən danışdı, onun şeirlərindən söylədi.
Zəlimxan dəryadır... Zəlimxan dastandır... Zəlumxan dünyadır... Zəlimxan tarixdir... Zəlimxan dünəndən bu günə gələn haraydı... Zəlimxan sehirdi-tilsimdi...
Hələ onun "Sizi qınamıram" poemasını ilk dəfə qəzetdə görüb oxuyanda mənasını çox dərindən anlamamışdım. İllər keçdi, əzbərlədiyim misraların axtarışına çıxdım.
Sizi qınamıram, ay şuşalılar,
Sizin başınızda şimşəklər çaxdı.
Sizi qınamıram, ay laçınlılar,
Sizin başınızda, duman oynadı.
Millətin dağ boyda fəlakətinə,
Gözünün ucuyla dönüb baxmayan,
Nazlanıb gözünü yumanlar oldu.
Bu o vaxt yazılmışdı, hansı ki, soydaşlarımız öz isti ev-eşiyi dqşmən tapdağında qalmışdı, zorla yerindən-yurdundan qaçqın düşmüşdülər. Lakin bəzi ağzıgöyçəklər qaçqın deyib, o insanlara tənə vururdular. Can candan ayrıdır, deyiblər. Zəlimxan kimi dərd bilib, dərd anlayanlar xalqın fəlakətini sözlərə, misralara sığışdırdı...
Mən qurban görmüşdüm, qoçdan-quzudan,
Mən qurban görmüşdüm, qoyun qurbanı.
Bu boyda milləti, bu boyda xaldı,
Gör kimlər eylədi oyun qurbanı.
Namussuz olanın nə vecinədir,
Harda namus gedir, harda ar gedir,
Hələ tapammırıq oyunçuları,
Ortada şıdırğı bir qumar gedir...
Bəli, Azərbaycanın bir hissəsi, ürəyi, canı Qarabağ hər gün şəhər-şəhər, kənd-kənd işğal olunurdu. Amma məmurlar bu itkini adi bir əşyası qədər qiymətsiz etmişdilər. İnsanlar yer-yurdlarından qovulur, torpaqlar işğal olunurdu. Yarıtmaz hakimiyyət isə heç bir ölçü götürmürdü.
O vaxt, şair üzünü Xan Əmiyə tutub sanki şikayətini ona ünvanladı...
Allah, görünməmiş möcüzə göstər,
Qaldır, bir anlığa Xanı məzardan.
Ölüylə dirini üz-üzə göstər,
Qutarsın yatanın canı məzardan.
İxtiyar vaxtında, qoca yaşında,
Qəlyan damağında, papaq babaşında,
Qoy görsün Şuşası nə günə düşüb,
Ellər tamaşası nə günə düşüb...
Ruhun şad olsun, ustad... Qarabağımız, Şuşamız Şəhidlərimizin, Qazilərimizin qanıyla, canıyla alındı...
Sevinc Muradxanlı