Filarmoniyadan Fəxri Xiyabana kamança sədaları altında - REPORTAJ

Filarmoniyadan Fəxri Xiyabana kamança sədaları altında - REPORTAJ backend

Azərbaycan Dövlət Filarmoniyasının binası sükuta qərq olmuşdu. Bu sükutun fonunda isə həzin kaman səsi ürəkləri sızladırdı. Hər kəs gözündə kədər xalq artisti Habil Əliyevlə vidalaşmağa gəlmişdi. Hər insana nəsib olmur öz musiqisinin sədaları altında xalqı ilə vidalaşmaq. Bu da Habil Əliyevin ustadlığının, dahiliyinin göstəricisidir.

APA TV-nin məlumatına görə, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun sənət dostları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva vida mərasiminin təşkilinə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib: "Bir tək onu dedi ki, məni son mənzilə qiymətli yola salın. Sağ olsun prezidentimiz, birinci xanım, bütün dəstəyi göstərdilər. Xəstəxanada həkimlər 24 saat onun yanında oldu".

Mərhumun oğlu Rəvan Habiloğlu çox ağır itki ilə üzləşdiyini vurğulayıb: "O, mənim üçün sirdaş, dost, sonra ata idi".

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazir Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycan mədəniyyəti böyük musiqi xadimini itirib. Habil Əliyev özünə məxsus ifaları ilə Azərbaycan musiqisində yeni səhifə açıb və bu səhifələr bu gün tarixə qovuşur: "Prezident İlham Əliyev Habil Əliyevin vida mərasiminin ən yüksək səviyyədə keçirilməsi üçün tapşırıq verib. Habil Əliyevin xatirəsi onu tanıyanların, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin!"

"Habil Əliyev kamançanı müşayiət alətindən solo alətə çevirərək eşitmədiyimiz səsləri, ən gözəl tembrləri bizə göstərdi" deyən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Habil Əliyevin Azərbaycan ifaçılıq sənətinə gətirdiyi yeniliklərdən danışıb, onu böyük sənətkar kimi dəyərləndirib.

Habil Əliyevi uşaqdan böyüyə hər kəs sevirdi. Sadə insanlar belə onun şəninə şeirlər qoşur, "Çal, Habil, çal, belə çalsan, Kaman dirildər Saramı..." deyə ürəklərindən gələn sözləri misralara düzürdülər.

Öz peşəsinə fədakarcasına bağlı olan böyük sənətkar Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təbliğ edib. Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib.

Xalq artisti Əlibaba Məmmədov Habil Əliyevin özündən sonra məktəb qoyub getdiyini söyləyib: "İkinci Habili biz heç vaxt tapa bilmərik. Kamançanı dünyaya tanıtdırdı. Əvvəllər kamançaya qulaq asmaq olmurdu. Amma bu gün Habilin kamanı aləmə səs salıb. Böyük itkidir".

Xalq artisti Canəli Əkbərov Habil Əliyevin ifasını bir daha canlı olaraq eşitməyəcəyimizdən təəssüfləndiyini deyib: "Bu gün elə bir gündür ki, bir nəfər də olsa, kədərli insan tapmamaq mümkün deyil. Axı Habil Əliyev bu gün o dünyaya köçüb. Xalqın, milli musiqi mədəniyyətimizin sərvəti olan Habil Əliyev bu gün əbədiyyətə qovuşdu".

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Müğənni Röya Habil Əliyevin hər zaman gənc nəslə düz yol göstərdiyini qeyd edib: "Haçansa hamımızın səsi susacaq. Amma istərdim ki, hər kəsə belə şərəfli ölüm qismət olsun. Bizi də belə sevə-sevə yola salsınlar. Çox sadə insan idi. Görəsən, bizə düzümüzü, səhvimizi kim deyəcək. Sevirdik onu, Allah, deməli bizdən daha çox sevdi ki, yanına tez apardı. Yeri cənnətlik olsun!"

Xatırladaq ki, 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olan Habil Əliyev 2015-ci il sentyabrın 8-də bu dünyadan əbədilik köçdü. Vida mərasimindən sonra mərhumun cənazəsi yaxınlarının, Habilsevərlərin - yüzlərlə insanın müşayiəti ilə dəfn olunmaq üçün I Fəxri Xiyabanda aparıldı.

Müsahibələrinin birində Habil Əliyev demişdi: "Kaman mənim qanadımdır". O, elə məhz qanadı ilə də dünyaya tanındı. Bu gün isə yaxınlarının və dostlarının çiyinlərində son mənzilə yola salındı. Susdu Habilin kamanı. Biz artıq onun musiqilərinə lent yazılarından, qızıl fondlardan qulaq asa biləcəyik. Allah sənə rəhmət eləsin, Böyük Sənətkar!

Diaspora