Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Ləkətağ kənd mərkəzində xalq yaradıcılığı günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli açaraq muxtar respublikada ənənə halı alan xalq yaradıcılığı günlərinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılıması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli-mənəvi dəyərlərin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.
Vurğulanıb ki, xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikada xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib, onlar milli geyim dəstləri ilə təmin edilib.
Sonra Culfa şəhər, Əbrəqunus, Milax, Ərəfsə, Camaldın, Ləkətağ kənd mədəniyyət evlərinin “Buta”, “Ağ çiçəklər”, “Tənzərə”, “Lolo” folklor ansambllarının ifasında qədim xalq rəqsləri, xalq oyun və tamaşaları təqdim edilib, qədim milli musiqi alətlərimiz olan balabanda, zurnada, tütəkdə, sazda musiqi nömrələri səsləndirilib.
Tədbir iştirakçıları Ləkətağ kənd mədəniyyət evində qədim sənət nümunələrindən ibarət sərgiyə baxıblar.
Belə tədbirlərin digər mədəniyyət müəssisələrində davam etdirilməsi nəzərdə tutulur.