Belçikanın Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sayca üçüncü sərgisi açılıb. QAZİLER.AZ bildirir ki, Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi səfirliyin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən təşkil olunub.
Sərgidə 23 rəssam və bir heykəltəraşın 105 işi nümayiş olunur. Sərgi 21 fevral 2015-ci il tarixinədək nümayiş etdiriləcək. Sərginin açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gun bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm tövhə verdiyini qeyd edib.Açılış mərasimində çıxış edən Vaterloo şəhər burqomistri Serge Kubla azərbaycanlı gənc rəssamların sərgisinə ev sahibliyi etməkdən məmnun olduqlarını diqqətə çatdıraraq, Azərbaycan səfirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Vaterloo şəhər parkında Şərq dünyasının ədib və şairəsi, eyni zamanda, rəssam olmuş Xurşidbanu Natəvanın 2,4 metr hündürlüyündə bürüncdən heykəlinin qoyulacağını elan edib.