İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Stokholmda azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzun yol” romanının təqdimatı olub. Təqdimat Botşurka dairəsindəki “Xalq evi”ndə Azərbaycan və İsveç dillərində keçirilib. İsveç Azərbaycanlıları Konqresindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində mədəniyyət məsələləri ilə məşğul olan yerli ictimai xadimlər, jurnalistlər, habelə bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Ə.Ağalarova “Bakıdan Qahirəyə və Stokholma uzun yol” romanında ötən əsrin 60-cı illərində azərbaycanlı gənc xanımın taleyindən danışılır. Özü də istəmədən Dövlət Təhlükəsizliyi Komitəsinin agentinə çevrilən əsərin qəhrəmanı Qahirəyə sovet səfirliyində diplomatik xidmətə göndərilir. Ona Asuan bəndinin tikintisində işləmək tapşırılır. Burada qızın şəxsiyyəti dəyişdirilir və ona yeni ad verilir. Gənc qızın təhlükələr, satqınlıq və yalan dolu ağır həyat yolu başlayır. İsveçli hersoqa olan böyük məhəbbətini də burada yaşayır.
Yazıçının sözlərinə görə, əsas məqsədi məhəbbətin sərhəd və maneə tanımadığını göstərmək olub. Romanın qəhrəmanları – azərbaycanlı gənc xanım və İsveç hersoqu bütün çətinliklərə və sovet təhlükəsizlik xidmətinin təqib təhlükəsinə baxmayaraq, kitab boyu bu məhəbbəti yaşayacaq və ömürlərinin sonunadək ona sadiq qalacaqlar.
Qonaqların suallarına cavab verən Ə.Ağalarova bildirib ki, romanda məhəbbət dramı ilə bərabər, ötən əsrin siyasi və mədəni mühitini canlandırmağa çalışıb. Məsələn, oxucular Əbdül Camal Nasirin iqtidarda olduğu dövrün Misiri tanış olacaq, ərəb klassiklərinin mahnılarından sətirlər “eşidəcək”, sevgililərin Stokholmda görüşdükləri kafe ilə tanış olacaqlar. Müəllifin dediyinə görə, “Bakıdan Qahirəyə və Stokholma uzun yol” romanı bütün incəliklərinədək düşünülüb. Burada hər əhvalat bir tarixdir.
İsveçdə roman ingilis dilində təqdim olunub. Kitab artıq Avropanın kitab mağazalarının rəflərində satışa çıxarılıb. Müəllif kitabın ingilis dilində bir neçə nüsxəsini Botşurka bələdiyyəsinin mədəniyyət mərkəzinə təqdim edib.
“Bakıdan Qahirəyə və Stokholma uzun yol” Almaniyada yaşayan soydaşımızın ikinci romanıdır.