Şəkidə beynəlxalq zərb alətləri festivalı başa çatdı

Şəkidə beynəlxalq zərb alətləri festivalı başa çatdı backend

Xəbər verdiyimiz kimi, 22-26 avqust tarixində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində "Nağara-2015" beynəlxalq zərb alətləri festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "Almus Prodiction" şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın "Natiq ritm", Özbəkistanın "Abbos", İranın "Lian" və Türkiyənin "İstanbul Harem" qrupları iştirak ediblər.


Festivalın konsert proqramları "Yuxarıbaş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Yay teatrında təşkil olunub. Şəkidəki "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində isə festival iştirakçıları musiqisevərlər üçün ustad dərsi keçiblər.
Festivalın dördüncü günü, avqustun 25-də Yay teatrında Türkiyənin "İstanbul Harem" qrupu maraqlı konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində məlumat verilib ki, "İstanbul Harem" ritm qrupu 2001-ci ildə peşəkar zərb ifaçısı Suat Borazan tərəfindən yaradılıb. Qrup 5 nəfərdən - Dj və 4 ritm ifaçısından ibarətdir. Qrupun üzvləri bas və zil darbukalar, tef və bendir ritm alətlərində məharətlə ifa edirlər. Kollektiv müxtəlif ölkələrində keçirilən festivallarda iştirak edib.
Bildirilib ki, indiyədək dörd albom yazdıran qrupun diskləri Türkiyədə və dünyanın 50-dək ölkəsində yayılaraq musiqisevərlərin rəğbətini qazanıb. Qrup son üç albomunda yerli və əcnəbi Dj-lərlə birlikdə texno musiqi janrında yeniliyə imza ataraq, darbukalar, tef və bendirlə sintezlər yaradıb. "İstanbul Harem" bu gün Türkiyənin ən tanınmış sənətçilərinin albom yazılışlarında və konsert layihələrində yaxından iştirak edir.
Rəngarəng ritm kompozisiyalarından ibarət konsert proqramı musiqisevərlərin ürəyincə olub. Qrupun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festival çərçivəsində avqustun 25-də "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində "Natiq ritm" qrupunun rəhbəri, Əməkdar artist Natiq Şirinov musiqisevərlərə nağara alətindən ustad dərsi keçib.
Əvvəlcə tamaşaçılara qrupun fəaliyyəti barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, qrup 2001-ci ildə yaradılan qrup bir sıra ölkələrdə keçirilən festival və tədbirlərdə, konsertlərdə tamaşaçı rəğbəti qazanıb. 2011-ci ildə Cənubi Koreyada "Geumsan World Percussion Performance Art Festival-2011" festivalında iştirak edən "Natiq ritm" qrupu yarışmada birinci mükafatı qazanıb.
Ustad dərsində Natiq Şirinov musiqisevərlərə Azərbaycanın qədim zərb alətlərindən olan nağaranın yaranma tarixindən danışıb, bu alətdə etdiyi yeniliklər, milli ritmlərimiz barədə məlumat verib. Sənətkar qrupun üzvlərinin müşayiəti ilə müxtəlif ritmlər ifa edib, iştirakçıların suallarını cavablandırıb.
Avqustun 26-da Türkiyənin "İstanbul Harem" qrupu tərəfindən musiqisevərlərə sonuncu ustad dərsi təqdim olunub. Qrupun üzvləri müxtəlif kompozisiyalar təqdim edib, ifa etdikləri ritmlər barədə məlumat veriblər.
Həmin gün şəhərdəki Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub.
Mərasimdə "Natiq ritm" qrupu maraqlı konsert proqramı ilə çıxış edib.
Pproqram Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in melodiyası əsasında hazırlanan ritm kompozisiya ilə başlanıb. Qrupun təqdim etdiyi xalq mahnı və rəqslərdən ibarət kompozisiyalar, şən və oynaq ritmlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramının sonunda festivalın digər iştirakçıları - Özbəkistanın "Abbos", Türkiyənin "İstanbul Harem" və İranın "Lian" musiqi qruplarının üzvləri səhnəyə çıxaraq "Natiq ritm" qrupu ilə birlikdə yenidən öz məharətlərini nümayiş etdiriblər.
Festivalın bağlanış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 2015-ci ildə Şəkidə sayca üçüncü beynəlxalq festivalın uğurla başa çatdığını, "Nağara-2015" festivalının şəhərin mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. O, tədbirin festivalın keçirilməsində zəhməti olan bütün qurumların təmsilçilərinə, musiqi kollektivlərinə şəkililər adından minnətdarlığını bildirib.
Mərasimin sonunda iştirakçı musiqi qruplarına Şəki Şəhər İcra Hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.
Diaspora